Qəbələdəki yanğını söndürmək üçün helikopter cəlb olunub VİDEO

Qəbələdə mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verib

FHN-dən SİA-ya verilən xəbərə görə, 11 avqust 2021-ci il tarixində səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qəbələ rayonu, Tikanlı kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumat əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin helikopteri yanğınla mübarizə tədbirlərinə cəlb olunub. Mürəkkəb relyefli dağlıq ərazidə başlanan yanğının qarşısının alınmasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və bir qrup kənd sakini iştirak edir.

Hazırda yanğının genişlənərək sıx meşəlik əraziyə keçməsinin qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək xüsusilə havaların isti keçməsi fonunda yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.

Bütün xəbərlər Facebook səhifəmizdə