Məqsəd Azərbaycanın təhsiltutumlu ölkə olaraq inkişaf etməsidir - ŞƏRH EDİLDİ

"Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Sabunçu rayonunda inşa edilən 304 nömrəli tam orta məktəbin açılışında iştirak ediblər. Bütövlükdə bu, Heydər Əliyev Fondunun maliyyə vəsaiti ilə tikilən növbəti məktəb tikintisinin nümayişi idi". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirib.

Onun sözlərinə görə, indiyə qədər Fondun dəstəyi və birbaşa maliyyəsi hesabına Azərbaycanın ən ucqar kəndlərində belə çox sayda məktəb infrastrukturları yenilənir, məktəbdaxili kitabxanalar, idman zalları təmir olunur: "Uzun illərdir Fondun yardımı ilə bu humanist aksiya ardıcıl şəkildə həyata keçirilir. Bugünkü gündə Azərbaycanın elə bir kəndi, ucqar bölgəsi yoxdur ki, orada Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə inşa olunan məktəblərə rast gəlmək mümkün olmasın".

İlqar Orucov sözlərinə davam edərək həmçinin qeyd edib ki, burada əsas məqsəd Azərbaycanın təhsiltutumlu ölkə olaraq inkişaf etməsidir: "Fondun həyata keçirdiyi layihələr hesabına bu istiqamətdə görülən işlərin şahidi oluruq. Həmin layihələr nəticəsində paytaxtla yanaşı, rayonlarda da yalnız orta təhsil məktəbləri deyil, məktəbəqədər təhsil müəssisələri və bağçalar da inşa edilir. Bütün bunlar Fondun məramı və mahiyyətindən irəli gəlir. Heydər Əliyev Fondu hər il ehtiyaclar nəzərə alınaraq nizamlı şəkildə təhsil, elm, mədəniyyət inkişafı ilə bağlı prioritetlər həyata keçirir".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə