Bərdədə yeni məktəb istifadəyə verildi

Sentyabrın 22-də Bərdə rayon Qaradəmirçi kənd tam orta məktəbi üçün yeni tikilən 624 şagird yerlik tədris binası istifadəyə verilib. Təhsil Nazirliyindən SİA-ya verilən məlumata görə, açılış mərasimində təhsil nazirinin müavini İdris İsayev, millət vəkili Zahid Oruc, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Bərdə Rayon Təhsil Şöbəsinin müdir əvəzi Ədalət İsmayılov iştirak edib. Mərasimdə çıxış edən təhsil nazirinin müavini İdris İsayev müəllim və şagirdləri yeni məktəbin istifadəyə verilməsi münasibətilə təbrik edib, ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə yönələn mühüm tədbirlərdən danışıb. Nazir müavini bildirib ki, ölkəmizdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin böyük bir qismi yenilənib. Bu proses hər il davam etdirilir.

Açılış mərasimində çıxış edən Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, millət vəkili Zahid Oruc müəllim, şagird və valideynləri yeni tədris ilinin başlanması və təhsil müəssisəsinin istifadəyə verilməsi münasibətilə təbrik edib, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, təhsil sahəsində əldə olunan uğurlardan danışıblar. Daha sonra məktəbdə yaradılan şəraitlə tanışlıq olub. Bildirilib ki, yeni tikilən məktəb 624 şagird yerlikdir. Üç mərtəbədən ibarət olan məktəb binasında 26 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, texnologiya, gənclərin çağırışaqədərki hərbi hazırlığı, informatika, məktəbəhazırlıq kabinetləri, idman və akt zalları, kitabxana, yeməkxana, inzibati otaqlar var. Bina istilik, elektrik, havalandırma, müşahidə, siqnalizasiya sistemləri ilə təmin edilib. Təhsil ocağı lazımi inventar və avadanlıqlarla təmin olunub. 2021-2022-ci tədris ilində sözügedən təhsil müəssisəsində 531 şagirdin, məktəbəhazırlıq qrupunda isə 36 uşağın təhsil prosesinə cəlb olunması planlaşdırılır. Məktəbdə 61 nəfər pedaqoji işçi çalışır.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...