Tələbə adını qazanan ağdamlı məzunlar mükafatlandırılıblar

2024-2025-ci tədris ilində Ağdam rayonunun ümumtəhsil məktəblərini bitirən məzunlardan 620 nəfəri müxtəlif ali təhsil müəssisələrinə qəbul olub. Gənclərin 83 nəfəri 500-600 arası, 23 nəfəri isə 600-dən yuxarı bal toplayıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Quzanlı qəsəbəsində qabaqcıl təhsil işçiləri, 2024-2025-ci tədris ilində uğur qazanmış əlaçı şagirdlər və qəbul imtahanlarında 500-dən yuxarı bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərlə görüş keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edib, ruhuna ehtiramlarını bildiriblər.

Ağdam Muğam Mərkəzində davam edən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, rayon təhsil sektorunun müdiri Tahir Abbasov və digər çıxış edənlər tələbə adını qazanan gəncləri təbrik edərək, onlara şəxsi həyatlarında və təhsildə uğurlar diləyib, Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamızda həyata keçirilən təhsil siyasətindən, bu sahədə görülən işlərdən, Ağdam məktəblilərinin qazandığı uğurlardan danışıblar.

Tədbirin gedişində Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının müşayiəti ilə respublikanın Əməkdar artisti Fehruz Səxavətin və kollecin müəllimlərinin ifasında rəngarəng musiqi nömrələri iştirakçılara təqdim edilib.

Tədbirin sonunda bir qrup müəllim və 500-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olmuş abituriyentlər rayon icra hakimiyyəti tərəfindən mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə