"İndidən həyəcan siqnalının çalınması çox yaxşıdır" - TƏHSİL EKSPERTİ BİLDİRDİ

"Son vaxtlar özəl liseylərdə Azərbaycan dili və tarixinin bərbad tədris edilməsi müzakirə mövzusu olub. Məsələyə birtərəfli yanaşmamalıyıq. Təbii ki, məlumatlarda həqiqət payı ola bilər. Amma bu liseylərə və gimnaziyalara görə fərqlənir. Ümumilikdə isə düşünmürəm ki, bugünkü gündə ölkəmizdəki lisey və gimnaziyalarda Azərbaycan dili və tarixi fənni zəif tədris olunsun". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elmin Nuri deyib.

Onun sözlərinə görə, istisna hallar var: "Amma ümumi şəkildə xarakterizə etdikdə bu çox yanlış fikirdir. Çünki lisey və gimnaziyalara imtahan və müsabiqələrdən keçəndən sonra qəbul olunurlar. Onların başqa fənlər kimi Azərbaycan dili və tarixinə yanaşması sıradan məktəbin şagirdlərində qətiyyən geri qalmır. Yəni, lisey və gimnaziyalarda yaradılan mühit hər hansı bir fənnə zəif yanaşmağa imkan vermir. Lakin müəyyən lisey və gimnaziyalar var ki, onlarda tədris dili Azərbaycan dili deyil. Əsas tədris dili başqası olduğu üçün orada Azərbaycan dili və tarixinə olan münasibət digərlərindən geri qala bilər. Amma indidən həyəcan siqnalının çalınması çox yaxşıdır".

"Hər birimizin borcudur ki, Azərbaycan dilinə və tarixinə olan münasibəti daha da artıraq. Məktəbin tədris dilindən, orada oxuyan şagirdin dil bacarığından asılı olmayaraq hər iki fənn məhz Azərbaycan dilində yüksək səviyyədə keçirilməli və mühafizə edilməlidir. Məsələn, fizika və ya kimya-biologiya təmayüllü liseylər humanitar liseylərdən fərqli olaraq bu iki fənn daha zəif tədris oluna bilər. Bu, yolverilməzdir. Azərbaycan dili və tarixi elə bir predmetdir ki, onlar fənn anlayışını üstələyir",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə