"Gənclər bizim sabahımızdır" - SORĞU , XƏZƏR UNİVERSİTETİ

Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsillə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Məhz buna görə ölkəmizdə 2 fevral Gənclər Gününün xüsusi əhəmiyyəti var. Azərbaycanda Ulu Öndər Heydər Əliyevin bünövrəsini qoyduğu gənclər siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Gənclik gözəllikdir, gücdür, ümiddir. Düzgün tərbiyə olunmuş, təhsil almış, öz biliyi, bacarığı daxilində hər hansı bir peşəyə yiyələnmiş, zəkalı, bacarıqlı gənclər millətin, dövlətin nurlu gələcəyidirlər. Onlar dünyada baş verən yeniliklərə, elmi-texniki tərəqqiyə, mütərəqqi dəyişikliklərə meyilli, öyrəndiklərini tətbiq etməyə, hünər göstərməyə həvəslidirlər. Universitetlərimiz gənclərimizi bilik və bacarıqlarının artmasına səy göstərir. Bu mənada Xəzər Universiteti də yanvar ayının 22-si öz tələbələrindən bir heyət təşkil edərək, Türkiyənin Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə "Azərbaycan və Türkiyə Genclik değişimi" proqramı həyata keçirdilər. SİA mövzu ilə əlaqədar Xəzər Universitetinin rəhbərliyi arasında sorğu keçirib.

Xəzər Universitetinin rektoru İradə Xəlilova bildirib ki, bütün gənclərimizə tövsiyəm budur ki, öz vaxtlarını səmərəli keçirsinlər və faydalı işlərlə məşğul olsunlar: "Zamanlarını boşa xərcləməsinlər. Təhsillərinə xüsusi önəm versinlər və öz gələcək planlarını quraraq məqsədlərinə nail olsunlar. Gənclərimizə uğurlar arzulayıram".

Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı qeyd edib ki, hər hansı ölkənin gücü onun gənclərinin necə yetişməsi ilə bağlıdır: "Çünki inkişaf bizim sabahımız deməkdir. Sabahımızın da əsas insanları gənclərdir. Xəzər Universiteti də bu gəncləri yetişdirməklə məşğul olur. Düşünürəm ki, biz gəncləri bir tərəfdən bilikli, savadlı mütəxəssis kimi yetişdirməliyik, digər tərəfdən isə onların bir intellektual insan kimi formalaşmasına kömək olmalıyıq. Yəni onları musiqidən, incəsənətdən, idmandan xəbərdar olmaları üçün çalışmalıyıq. İmkan daxilində digər dövlətlərə səfərlər təşkil etməliyik ki, başqa universitetləri, xalqları, ölkələri görsünlər bu çox vacib məqamdır. İnsanın insan kimi yetişməsi üçün çox vacibdir. Xəzər Universiteti gənclik dəyişim proqramı həyata keçirdi. Bu proqramın əsas mahiyyəti ondan ibarətdir ki, Türkiyə gəncləri Azərbaycana gələrək, ölkəmizin tarixi və mədəniyyəti, memarlığı ilə tanış olsunlar. Bizim gənclər isə Türkiyəyə gedərək türk mədəniyyətini yaxından tanısınlar. Bu proqramın ilkin hissəsi çox gözəl şəkildə həyata keçirildi. Qarşıdakı layihə belədir ki, bütün Turan dünyası ilə birgə Gənclərin mübadilə proqramı həyata keçirilsin. Seçilmiş tələbələri Azərbaycana dəvət edərək ölkəmizin milli mədəni irsini tanıdaq".

İctimaiyyətlə əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli : "Bu gün gənclərin bilik, bacarıq səviyyələrinin inkişafından çox razıyam. Azərbaycan Türkiyə Gənclik mübadiləsi proqramında iştirak edən gənclərlə bağlı xoş sözlər söyləndi. Azərbaycan və Türkiyə gəncləri arasında mübadilə proqramının aparılması Xəzər Universiteti üçün gözlənilməz oldu. Açığı bu proqrama bu qədər diqqət və maraq olacağını düşünmürdük. Türkiyə Azərbaycan gəncliyi proqramını həyata keçirən Türkiyə Gənclər və İdman Nazirliyinə, Kırşehir il başqanlığına təşəkkürümüzü bildiririk. Gənclərimiz Türkiyəyə səfər zaman bir çox yeni məlumatlar əldə etdilər. Həm Türkiyənin mədəniyyəti, həm incəsənəti, həm tarixi məkanlar ilə yaxından tanış oldular. Mübadilə proqramı çərçivəsində Türkiyə gəncləri də Azərbaycan ilə yaxından tanış olmaq şansı əldə etdilər. Bu layihə üstündə geniş müzakirələr aparıldı. Gələcəkdə Türk dünyasını əhatə edəcək layihələri, proqramları görəcəyik".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə