“Dəyişikliklər kreditlərə əlçatanlığın artırılması baxımından vacibdir” - İQTİSADÇI ŞƏRH ETDİ

Kredit İttifaqları Haqqında Qanuna edilən dəyişikliklər birbaşa kreditlərin verilməsi ilə bağlı məlumatların mərkəzi reyestrdə əks olunmasını özündə ehtiva edir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında iqtisadçı ekspert, Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

İqtisadçının sözlərinə görə, burada məqsəd ondan ibarətdir ki, məlumatlar, həm kreditlərin verilməsi ilə bağlı, eləcə də kreditlərin ödənilməsi ilə bağlı məlumatlar mərkəzi reyesrtdə öz əksini tapır, bu da təbii ki, kredit götürən şəxslə bağlı məlumatların bölüşdürülməsinə, eyni zamanda digər maliyyə qurumlarının həmin məlumatlar əsasında qərar verməsinə yardım edir.

“Təbii ki, dəyişikliklər məlumatların bölüşdürülməsinə imkan verdiyi üçün, həm də bu halda, məsələn kredit ittifaqları ilə məkdaşlıq edən şəxs kommersiya bankına müraciət edirsə, kommersiya bankı onun Kredit İttifaqı ilə əməkdaşlıq tarixçəsinə elektron baza vasitəsi ilə baxmaq və tanış olmaq imkanına malik olur. Bu da təbii ki, həmin şəxsin müraciətinin daha qısa müddətdə qiymətləndirilməsinə, eyni zamanda obyektiv qərarın verilməsinə zəmin yaradır. Bu baxımdan təbii ki, xüsusən də edilən dəyişikliklər vətəndaşlarımızın kreditlərə əlçatanlığının artırılması baxımından vacib hesab olunur.

Eyni zamanda təbii ki, biz eləcə də təklif edirik ki, bütövlükdə, xüsusən də devalvasiya zamanı xarici valyutada kredit götürmüş şəxslərin tarixçəsinin yaxşılaşdırılması ilə bağlı Mərkəzi Bank tərəfindən göstəriş verilsin. Çünki, nəzərə alaq ki, devalvasiya xarici faktorlar əsasında baş verdi, bu birbaşa vətəndaşın ödəmə qabiliyyətinə təsir göstərdi. O baxımdan son dəyişiklərlə yanaşı, eyni zamanda Mərkəzi Bank tərəfindən həmin dövrlərdə kredit götürmüş şəxslərin kredit tarixçəsinə yenidən baxılması və yaxşılaşdırılması ilə bağlı qərar qəbul etməsi məqsədəuyğun olardı. Çünki, bu, nəticə etibarı ilə həmin vətəndaşlarımızın da gələcəkdə kreditlərə əlçatanlığının təmin olunmasına imkan yarada bilər” deyə Vüqar Bayramov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə