“Pulun əhəmiyyəti azalmır, sadəcə nağd puldan istifadənin rolu azalır” - İQTİSADÇI
"Azərbaycanda nağdsız ödənişlərin sürətlə artması gələcəkdə nağd puldan istifadənin əhəmiyyətini azalda bilərmi? Ümumiyyətlə, bu suala cavab vermək üçün, əlbəttə, birinci növbədə pulun iqtisadiyyatda rolunu başa düşməliyik". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Elman Sadıqov deyib.

Onun sözlərinə görə, ikinci növbədə başa düşməliyik ki, iqtisadiyyatda təkcə nağd pul deyil, ümumiyyətlə pul kütləsi nə dərəcədə rol oynayır. Pul kütlələrinin özlərinin tərkibini də başa düşməliyik:
"Məsələn, iqtisadiyyatda dövriyyədə olan ümumi pul kütləsinə nisbətdə nağd pulun çəkisi aşağı olur. Bütün iqtisadiyyatlarda belədir. Məsələn, M0 deyilən pul kütləsi təkcə çap olunan və dövriyyəyə buraxılan puldur. Amma bir də var M1 pul kütləsi. Bu, çap olunan pul kütləsi üstəgəl cari hesablarda olan vəsaitlərdir, yəni müddətsiz depozitlər.
Deməli, M2 isə M1 üstəgəl müddətli depozitlərdir. M3 isə M2 üstəgəl xarici valyutada olan depozitlərdir.
Biz görürük ki, bəzi hallarda M0, yəni nağd pul kütləsi, M3-ə – yəni dövriyyədə olan nağd pul, cari hesablar, müddətli depozitlər və xarici valyutada olan depozitlərin cəminə nisbətən – çox aşağı olur. Məsələn, bəzi ölkələrdə bu göstərici 5 faiz, 10 faiz, 15 faizdir.
Bizim ölkəmizdə isə təəssüf ki, bu nisbətən yüksəkdir. Bunun özünün müəyyən səbəbləri var. Bu səbəblər bu mövzunun predmeti deyil, ayrıca geniş izah oluna bilər. Azərbaycanda nağd dövriyyə inkişaf etmiş və inkişaf etməkdə olan bir çox ölkələrlə, xüsusilə Avropa ölkələri ilə müqayisədə daha yüksəkdir.
Həmin ölkələrdə yalnız kiçik məbləğli ödənişlər, məsələn, bəzi taksi ödənişləri, qəzet alınması – düzdür, indi qəzetlər də yavaş-yavaş dövriyyədən çıxır – və ya xırda ödənişlər, məsələn, restoranlarda bəxşiş verilməsi kimi hallarda nağd puldan istifadə edilir. Bütün digər ödənişlər isə demək olar ki, tamamilə nağdsız şəkildə həyata keçirilir.
İndi baxaq görək, nağd dövriyyə azaldıqca, nağdsız dövriyyə yüksəldikcə, qeyd etdiyiniz kimi, puldan istifadənin əhəmiyyəti azalırmı? Qətiyyən.
Biz pul dedikdə əslində nəyi nəzərdə tuturuq? Pul ödəniş vasitəsidir, mübadilə vasitəsidir. Pulun mahiyyəti dəyişmir, sadəcə forması dəyişir. Artıq biz nağd pul vermirik, plastik kart təqdim edirik və ya telefonu təqdim edib telefondakı elektron pul kisəsi vasitəsilə ödəniş edirik.
Keçmişdə çeklərlə ödəniş edilirdi. Çek yazılırdı, həmin çek qarşılığında bankdan vəsait götürülürdü. Yaxud bank hesabından başqa hesaba köçürmə edilirdi. Məsələn, banka gedib deyirdiniz ki, mənim hesabımdan filankəsin hesabına 100 və ya 200 manat köçürülsün. İndi isə bunu kartla və ya digər elektron vasitələrlə edirsiniz.
Amma pul yenə puldur. Siz yenə ödəniş edirsiniz, yenə mübadilə vasitəsidir, yenə onunla nəsə alırsınız. Sadəcə cibinizdə nağd pul olmur, əvəzində kart olur. Yaxud nağd pul olmur, çek olur. Yaxud telefondakı elektron pul kisəsi olur.
Nəticə etibarilə pulun əhəmiyyəti azalmır. Pulun əhəmiyyəti yalnız o zaman azala bilər ki, iqtisadiyyat pula alternativ bir ödəniş vasitəsi tapsın.
Məsələn, tarixdə elə dövrlər olub ki, ödəniş vasitəsi qızıl, gümüş, dəmir, taxıl və ya digər əmtəələr olub. Hətta bəzi tayfalarda və ölkələrdə müxtəlif mallar pul funksiyasını yerinə yetirib. Belə hallarda ödəniş vasitəsi dəyişdiyi üçün pulun rolu da dəyişirdi.
Amma müasir dövrdə maliyyə sistemi, müxtəlif valyutalar və ödəniş sistemlərinin əsas dayağı yenə də puldur. Sadəcə, nağd pul cibinizdə olmur, siz onu müxtəlif elektron vasitələrlə istifadə edirsiniz.
Ona görə də deyə bilmərik ki, puldan istifadənin əhəmiyyəti azalır. Əksinə, pulun əhəmiyyəti qalır. Sadəcə nağd puldan istifadənin əhəmiyyəti azalır.
Bunun isə iqtisadiyyat üçün mənfi deyil, müsbət tərəfləri var. Şəffaflıq artır, büdcə daxilolmaları çoxalır, vergi ödənişlərində şəffaflıq yüksəlir, vergidən yayınma halları azalır, statistika daha dəqiq aparılır, iqtisadi dövriyyə daha aydın görünür.
Bundan başqa, nağd pulun özünün də müəyyən çətinlikləri var. Pul istifadə olunduqca köhnəlir, sıradan çıxır. Nağd pulun itirilməsi və ya oğurlanması riski mövcuddur.
Əlbəttə, kartdan istifadənin də müəyyən riskləri var. Bu risklərin azaldılması istiqamətində daim iş aparılır. Kartdan vəsaitin oğurlanması halları olur. Bəzən bu, istifadəçilərin səhlənkarlığından, bəzən isə hakerlərin və dələduzların fəaliyyətindən qaynaqlanır.
Amma təhlükəsizlik qaydalarına düzgün əməl edildikdə, kartdan pul oğurlanması riski nağd pulun oğurlanması riskindən daha aşağıdır.
Nəticə etibarilə, bu gün dünyada nağd puldan istifadə əvvəlki qədər əhəmiyyətli hesab edilmir. Nağdsız ödənişlərin rolu daha yüksəkdir və düşünürəm ki, onların genişlənməsi həm iqtisadiyyat, həm də cəmiyyət üçün çoxsaylı müsbət nəticələr verir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB