Azərbaycan və Çin arasında enerji tərəfdaşlığının inkişaf etdirilməsi ilə bağlı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
SİA Energetika Nazirliyinə istinadən xəbər verir ki, bununla bağlı müzakirələr nazir Pərviz Şahbazovun Çinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Lu Meyi qəbul etdiyi zaman aparılıb.
Görüşdə Azərbaycan ilə Çin arasında enerji sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, həmçinin həyata keçirilən və planlaşdırılan bir sıra layihələr müzakirə olunub.
Görüş zamanı "Universal International Holdings Limited" şirkətinin Qobustan rayonunda inşa etdiyi 100 MVt gücündə günəş elektrik stansiyası layihəsinin ölkəmizin bərpa olunan enerji potensialından səmərəli istifadəyə və enerji keçidi üzrə qarşıya qoyulan hədəflərə çatılmasına töhfə verəcəyi bildirilib.
Eyni zamanda, Çinin Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu (EPPEI) tərəfindən aparılan ölkəmizdə elektrik enerjisi şəbəkəsinin tədqiqatına da toxunulub. Tədqiqatın nəticələrinin Azərbaycanın enerji sektorunun gələcək inkişafı baxımından mühüm rol oynayacağı qeyd edilib.
Bununla yanaşı, Çində keçiriləcək "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində əməkdaşlıq da nəzərdən keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB