“Ərzaq qiymətlərində manipulyativ əlavələr aradan qaldırılmalıdır” - İQTİSADÇI
"Azərbaycanda ərzaq qiymətlərinin artımını yalnız idxaldan asılılıqla izah etmək düzgün olmaz. Bir sıra məhsullarda idxalın yüksək payı dünya bazarındakı qiymət dəyişikliklərini, məzənnə, daşınma, gömrük və digər xərcləri daxili bazara ötürür". Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.

Onun sözlərinə görə, lakin daxili istehsalın maya dəyərinin yüksəlməsi, yanacaq və enerji xərcləri, gübrə və yem qiymətləri, əməkhaqqı, logistika və ticarət zəncirindəki əlavə xərclər də qiymət artımına ciddi təsir göstərir:
"Xüsusilə kənd təsərrüfatı məhsullarında istehsalçı ilə istehlakçı arasındakı qiymət fərqi mühüm məsələdir. Məhsul istehsalçıdan nisbətən aşağı qiymətə alınıb, bir neçə vasitəçinin iştirakı ilə son istehlakçıya daha baha satılırsa, burada rəqabət mühitinin və ticarət zəncirinin araşdırılmasına ehtiyac yaranır.
Dövlət süni bahalaşmanın qarşısını inzibati qiymət məhdudiyyətləri ilə deyil, daha çox rəqabəti gücləndirməklə və bazarda şəffaflığı artırmaqla təmin edə bilər. Antiinhisar nəzarəti gücləndirilməli, bazarda dominant mövqedən sui-istifadə və süni qiymət manipulyasiyası halları araşdırılmalıdır. Eyni zamanda kənd təsərrüfatı istehsalçılarına subsidiya və güzəştli maliyyələşmə mexanizmləri daha məqsədli şəkildə tətbiq olunmalıdır.
Bununla yanaşı, yerli istehsalın artırılması, anbar və soyuducu infrastrukturlarının genişləndirilməsi, logistika xərclərinin azaldılması və fermerlərin məhsullarını birbaşa bazara çıxarmasına imkan verən mexanizmlərin inkişaf etdirilməsi vacibdir. Əks halda, yalnız idxalı azaltmaqla ərzağın ucuzlaşmasına nail olmaq çətin olacaq.
Əsas məqsəd qiyməti süni şəkildə aşağı saxlamaq deyil, onun formalaşmasında əsassız və manipulyativ əlavələri aradan qaldırmaq olmalıdır. Dövlət həm istehsalçı üçün normal gəlirliliyi, həm də istehlakçı üçün münasib qiyməti təmin edən rəqabətli və şəffaf bazar formalaşdırmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB