Qazaxıstan neft ixracını genişləndirməyi planlaşdırır...

...Azərbaycan üzərindən
Qazaxıstan neft ixracını genişləndirməyi planlaşdırır...

Qazaxıstan hazırda Xəzər Boru Kəməri Konsorsiumuna (CPC) iqtisadi və nəql həcmləri baxımından alternativ görməsə də, yeni ixrac marşrutlarının inkişafı istiqamətində iş aparır.

SİA-nın əldə etdiyi məlumata görə, “Interfax” xəbər verir ki, bunu "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri Asxat Hasenov "Samruk-Kazına" İctimai Şurasının iclasında bildirib.

Onun sözlərinə görə, ixrac marşrutlarının şaxələndirilməsi çərçivəsində Azərbaycan üzərindən keçən nəqliyyat dəhlizinin inkişafına xüsusi diqqət yetirilir.

"Mühüm marşrutlardan biri də Atırau–Aktau və daha sonra Azərbaycan üzərindən uzanan istiqamətdir. Hazırda bu layihə üzrə texniki-iqtisadi əsaslandırma hazırlanır", – "KazMunayGas" rəhbəri bildirib.

Hasenov əlavə edib ki, Qazaxıstan–Çin neft kəmərinin genişləndirilməsi layihəsi üzrə də çinli tərəfdaşlarla texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına başlanılır.

Qeyd edək ki, Xəzər Boru Kəməri Konsorsiumu Qazaxıstanın Tengiz, Kaşaqan və Qaraçaqanak yataqlarından hasil olunan neftin əsas ixrac marşrutudur. 2025-ci ildə konsorsium vasitəsilə təxminən 70,5 milyon ton, 2026-cı ildə isə 72 milyon ton neftin nəqli proqnozlaşdırılır. Xarici yükgöndərənlər arasında Chevron, ExxonMobil, Eni, Shell və "KazMunayGas" yer alır.

Bütün xəbərlər Facebook səhifəmizdə