“Azərbaycanda metro və dəmir yolu şəbəkəsinin genişləndirilməsi artıq dövlət proqramında da öz əksini tapıb”. Bu sözləri SİA-ya açıqlaması zamanı nəqliyyat eksperti Elməddin Muradlı deyib.

Onun sözlərinə görə, Bakı şəhəri və ətraf ərazilərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı dövlət proqramında həm metro stansiyalarının sayının artırılması, həm də dəmir yolu şəbəkəsinin genişləndirilməsi, işlək vəziyyətdə olmayan dəmir yolu xətlərinin nəzərdən keçirilməsi, mümkün olduqda onlardan da istifadənin təmin edilməsi nəzərdə tutulur:
“Sadəcə, bunlar elə layihələrdir ki, qısa müddətdə həll etmək mümkün deyil. Təbii ki, uzunmüddətli perspektivdə bunlar hesablanıb. Nəzərə almaq lazımdır ki, dövlət proqramı 2040-cı ilə qədər nəzərdə tutulub. 2025 və 2030-cu illəri əhatə edən birinci mərhələ artıq başlayıb. İkinci mərhələ 2030 və 2035-ci illəri əhatə edəcək. Üçüncü mərhələ isə 2035 və 2040-cı illəri.
Bakının baş planında da bu məsələlər öz əksini tapır. Ola bilsin ki, irəliləyən illərdə daha yaxşı təkliflər, daha cəlbedici layihələr ortaya çıxa bilər. Həm dövlət proqramı genişlənə bilər, həm Bakı Baş Planına əlavələr ola bilər. Yəni bu, gedişatdan asılı olan məsələlərdir.
Sadəcə olaraq, indiki dövrdə layihələrdə nəzərdə tutulan məsələlər ondan ibarətdir ki, 2030-cu ilə kimi Bakı şəhərində 10 yeni metrostansiya tikilsin. Artıq bunun tikintisi başlayıb. Bəzi stansiyaların yeri müəyyənləşdirilib, bəziləri qiymətləndirilir, ölçü işləri aparılır.
Dəmir yolu infrastrukturu ilə bağlı işlər görülməkdədir. Artıq Azərbaycan Dəmir Yolları bir çox yeni layihələr üzərində işləyir, bəziləri müzakirə mərhələsindədir, onların da icrasına başlanılacaq.
Birincisi, kənar dairəvi yol dəmir yolunun çəkilməsi, Sumqayıt ilə Bakını birləşdirən xətlərin daha da səmərəli olması, yeni stansiyaların tikintisi nəzərdə tutulur və Abşeron dairəvi dəmir yolu xəttinin yenidən nəzərdən keçirilməsi, mövcud infrastrukturun təmin edilməsi, istifadəyə verilməsi nəzərdə tutulur. Yeni stansiyaların tikilməsi nəzərdə tutulur. Yəni bu şəbəkə artıq Bakı və ətraf əraziləri əhatə edəcək. Eyni zamanda, bölgələrlə əlaqənin təmin edilməsində də ciddi işlər görüləcək.
Yəni dəmir yolu infrastrukturunun təkmilləşdirilməsindən danışırıq. Ancaq hazırkı şəraitdə bir neçə istiqamətdə dəmir yolu xətlərinin təmirinə ciddi şəkildə ehtiyac var. Çünki otuz-qırx il istismar olunub, cari təmir işləri aparılmayıb. Risk var, təhlükə var. Onları aradan qaldırmaq lazımdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB