Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) Asiya-Sakit Okean Akkreditasiya Əməkdaşlığına (APAC) ISO/IEC 17025:2017 “Sınaq və kalibrlənmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər” beynəlxalq standartı üzrə tamhüquqlu üzv qəbul edilib. SİA Dövlət Agentliyinə istinadən xəbər verir ki, bu, AzAK-ın akkreditasiya etdiyi sınaq və kalibrləmə laboratoriyalarının təqdim etdiyi uyğunluq sənədlərinin (kalibrləmə və sınaq nəticələri və s.) Asiya-Sakit Okean regionunda tanınmasına imkan yaradacaq, təşkilatın digər üzvləri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə, eləcə də Azərbaycanın qlobal akkreditasiya sistemində daha fəal iştirakına töhfə verəcək.
AzAK ötən il iyulun 30-da APAC-a tamhüquqlu üzvlük və Qarşılıqlı Tanınma Razılaşmasının (MRA) imzalanması məqsədilə rəsmi müraciət edib. Bu xüsusda AzAK-ın fəaliyyətinin beynəlxalq akkreditasiya tələblərinə uyğunluğunun qiymətləndirilməsi, inkişaf perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə APAC nümayəndələri həmkar qiymətləndiriməsi həyata keçirilib. Aparılan qiymətləndirmənin müsbət nəticələri əsasında AzAK-ın APAC-a ISO/IEC 17025:2017 beynəlxalq standartı üzrə tamhüquqlu üzv olmaqla bağlı müraciəti qəbul edilib.
Ölkə Prezidentinin 23 yanvar 2023-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planının 8.5.1-ci yarımbəndində milli akkreditasiya qurumunun ISO/IEC 17011:2017 “Uyğunluğun qiymətləndirilməsi qurumlarını akkreditasiya edən orqanlara tələblər” beynəlxalq standartının tələblərinə uyğunlaşdırılması, müvafiq akkreditasiya üzrə beynəlxalq və regional təşkilatlara tamhüquqlu üzvlüyünün təmin edilməsi, habelə qarşılıqlı tanınma razılaşmalarının bağlanılması nəzərdə tutulub. Bu çərçivədə AzAK-ın fəaliyyəti ISO/IEC 17011:2017 standartının, o cümlədən akkreditasiya üzrə beynəlxalq və regional təşkilatların tələblərinə uyğunlaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə