“Şahdəniz Kompressiya” və Səngəçal Terminalının Elektrikləşdirilməsi layihələri üçün müqavilələr imzalanıb

BP şirkəti “Şahdəniz” qaz və kondensat yatağının işlənməsi layihəsinin və Səngəçal terminalının operatoru kimi mühəndis-layihələndirmə işləri üzrə iki iri müqavilənin imzalayıb. SİA “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir ki, müfəssəl mühəndis-layihələndirmə və təchizat xidmətlərini əhatə edən bu müqavilələr “SOCAR-KBR” birgə müəssisəsinə verilib. Bu podratçı müqavilələri “Şahdəniz Kompressiya” (ŞDK) və Səngəçal Terminalının Elektrikləşdirilməsi (STEL) layihələrinin icrası üçün mühüm bir mərhələdir.

Bu podratçı müqavilələri həmçinin bu ilin iyunun 3-də Bakı Enerji Həftəsi zamanı Yekun İnvestisiya Qərarı (YİQ) elan olunmuş hər iki layihənin icra mərhələsinə keçidinə doğru mühüm bir irəliləyişdir.

BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə, Yaxın Şərq və Şimali Afrikada layihələr üzrə vitse-prezidenti Mətt Kirkham ŞDK və STEL layihələrinin irəliləyişində bu mühüm mərhələnin əldə olunduğunu bölüşməkdən çox məmnun olduğunu bildirib: “İyun ayının əvvəllərində qəbul edilmiş YİQ-lərin ardınca biz podratçı seçimi mərhələsini uğurla tamamladıq və “SOCAR-KBR” birgə müəssisəsi ilə iki əsas podratçı müqaviləsi imzaladıq. “SOCAR-KBR” şirkətinin Xəzər regionunda oxşar layihələrdə təsdiqlənmiş təcrübəsi, o cümlədən ŞDK layihəsi üzrə əvvəlki işləri uğurla yerinə yetirməsi bu seçimdə həlledici amil olub”.

O, bu nailiyyətin əldə olunmasında əməyi və zəhməti keçən hər kəsə dərin təşəkkürünü bildirib: “Ümid edirəm ki, davamlı əməkdaşlığımız nəticəsində hər iki layihə təhlükəsiz, rəqabətqabiliyyətli və qrafikə uyğun şəkildə həyata keçiriləcək.”

ŞDK layihəsi üzrə verilmiş müqavilə 43 milyon funt sterlinq dəyərindədir və iyulun 1-də qüvvəyə minib. Bu müqavilə çərçivəsində işlərin 2026-cı ildə başa çatacağı planlaşdırılır.

İş həcminə ŞDK platforması üçün üst tikililər, ŞDK platforması üçün dayaq bloku və payalar, quruda və dənizdə yerləşən mövcud qurğular (Şahdəniz Alfa, Şahdəniz Bravo və Səngəçal Terminalı), həmçinin sualtı sistemlə inteqrasiyanı təmin etmək üçün sistemin layihələndirilməsi üzrə mühəndislik işləri kimi qurğuların tikintisi üzrə mühəndis-layihələndirmə və təchizat dəstəyi, o cümlədən quraşdırmaya hazırlıq, istismara vermə və əməliyyat hazırlığı daxildir.

STEL layihəsi üzrə verilmiş müqavilə 7 milyon funt sterlinq dəyərindədir və iyulun 1-də qüvvəyə minib. Bu müqavilə çərçivəsində işlərin 2028-ci ildə başa çatacağı planlaşdırılır.

Müqavilə elektrik şəbəkəsindən enerjinin ötürülməsi və fasiləsiz enerji təminatı üçün qoruma mexanizmini təmin etmək məqsədilə Səngəçal terminalı ərazisində bir sıra yeni avadanlıqlar və mövcud obyektlərdə aparılacaq dəyişikliklər üçün mühəndis-layihələndirmə və təchizat üzrə dəstək xidmətlərini əhatə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə