"Çin avtomobil idxalında ciddi yer almağa başlayıb" - EKSPERT FİKRİ
"Azərbaycanda avtomobil parkının genişlənməsi və yenilənməsi ilə bağlı avtomobil idxalında ciddi artım müşahidə olunur. Əhali arasında həm yeni, həm də işlənmiş avtomobillərə olan tələbatın artması, eyni zamanda nəqliyyat sektorunda gedən texnoloji yenilənmələr, ölkəyə gətirilən avtomobillərin sayının yüksəlməsinə səbəb olur". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycana avtomobil idxalı əsasən müəyyən ölkələrdən həyata keçirilir və bu ölkələrin seçimi bir neçə mühüm faktora əsaslanır: avtomobilin qiyməti, texniki vəziyyəti, gömrük xərcləri, ehtiyat hissələrinin mövcudluğu və servis imkanları: "Azərbaycana ən çox avtomobil idxal olunan ölkələrin siyahısında Cənubi Koreya, Yaponiya, Almaniya, Birləşmiş Ştatlar və Çin başda gəlir. Ən çox avtomobil idxal olunan ölkələr sırasında Cənubi Koreya birinci yerdə qərarlaşıb. Buradan əsasən “Hyundai” və “Kia” markaları gətirilir. Bu avtomobillər həm münasib qiymətə, həm də yanacaq sərfiyyatının az olması və ehtiyat hissələrinin əlçatanlığı baxımından üstünlük təşkil edir. Xüsusilə taksi fəaliyyəti və ailə istifadəsi üçün bu modellər geniş yayılıb. İkinci yerdə Yaponiya qərarlaşıb. Bu ölkədən Azərbaycana əsasən “Toyota”, “Honda”, “Nissan” kimi markalar gətirilir. Bu avtomobillər texniki baxımdan daha dözümlü, uzunömürlü və sürücü üçün rahat idarəetmə imkanlarına malikdir. Üstəlik, bəzi modellərin hibrid olması onları ekoloji və iqtisadi baxımdan daha sərfəli edir. Almaniyadan isə daha çox “Mercedes-Benz”, “BMW”, “Volkswagen” kimi lüks və orta seqmentli avtomobillər idxal olunur. Bu avtomobillər keyfiyyəti, sürət qabiliyyəti və komfortu ilə seçilsə də, həm satış qiyməti, həm də texniki xidmət baxımından digərlərinə nisbətən bir qədər yüksək kateqoriyaya aiddir. Amerika Birləşmiş Ştatları da son illər avtomobil idxalında önəmli ölkələrdən biridir. Xüsusilə onlayn hərraclar vasitəsilə “Chevrolet”, “Ford”, “Tesla” kimi markalar Azərbaycana gətirilir. ABŞ-dan gətirilən avtomobillərin bir çoxu qəza görmüş və ya yenidən bərpa olunmuş olsa da, onların bazardakı qiyməti daha münasib olur.
Son dövrlərdə Çin də avtomobil idxalında ciddi yer almağa başlayıb. “Chery”, “Geely”, “Haval” kimi markaların həm qiymət baxımından sərfəli olması, həm də müasir dizayna və texnologiyaya sahib olmaları bu avtomobillərin Azərbaycanda maraqla qarşılanmasına səbəb olub. Gələcəkdə avtomobil idxalında tendensiyalar dəyişə bilər. Xüsusilə elektrik və hibrid avtomobillərin bazarda payı artdıqca, Çin və Avropa ölkələrinin bu sahədə rolu daha da güclənə bilər. Eyni zamanda dövlətin gömrük rüsumları və yaş məhdudiyyəti ilə bağlı tətbiq etdiyi siyasət də idxal istiqamətlərinə birbaşa təsir göstərir".
Bütün xəbərlər Facebook səhifəmizdə