"Əlçatanlığın artması mənzil bazarında tələb artımına səbəb olub" - EKSPERT FİKRİ

"Azərbaycanda ipoteka kreditlərinin genişlənməsi son illərdə həm iqtisadi inkişafın, həm də dövlətin sosial siyasətinin əsas alətlərindən biri kimi çıxış edir. Bu prosesin daşınmaz əmlak bazarına bir sıra mühüm təsirləri olmuşdur". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Beynəlxalq bankında Biznes monitorinq üzrə ekspert Toğrul Novruzəliyev deyib.

Onun sözlərinə görə, ipoteka kreditlərinin əlçatanlığının artması (xüsusilə güzəştli ipotekaların) mənzil bazarında tələb artımına səbəb olub: "Tələb artdıqca, xüsusilə Bakı və iri şəhərlərdə mənzil qiymətləri yüksəlməyə meylli olub. Həmçinin ipoteka kreditləri adətən sənədləşməsi tam olan yeni tikililərə yönəldiyindən, tikinti şirkətləri üçün stimul yaranıb. Bu da yeni binaların və yaşayış komplekslərinin artmasına gətirib çıxarıb.

İpoteka kreditləri əmlak bazarında dövriyyəni artıraraq daşınmaz əmlakın likvidliyini yüksəldir. Bu, həm tikinti şirkətlərinə, həm də fərdi satıcılara müsbət təsir göstərir. Bununla yanaşı güzəştli ipoteka proqramları (MİDA və ya İpoteka və Kredit Zəmanət Fondu vasitəsilə) sosial rifahın artmasına, gənc ailələrin və dövlət qulluqçularının mənzil təminatına müsbət təsir edib".

Ekspert bildirir ki, əsasən Bakı mərkəzli olan əmlak bazarı ipoteka imkanları ilə regionlara da yayılmağa başlayıb: "Bu, regionlarda da tikinti fəaliyyətinin artmasına təkan verib. Lakin bununla yanaşı bir sıra risklər və çağırışlarda mövcuddur:

- Borc yükünün artması: İpoteka öhdəliklərinin uzunmüddətli olması bəzi ailələr üçün maliyyə riskləri yaradır.

- Qiymət “şişməsi” riski: Tələb artımı ilə süni qiymət artımı müşahidə oluna bilər.

- İkinci əl bazarın zəifliyi: İpotekaların daha çox yeni tikililərə yönəlməsi, köhnə tikililərin dövriyyədən kənarda qalmasına səbəb ola bilər".

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə