"Ölkədəki yolların əsaslı təmiri sosial-iqtisadi inkişafa yeni təkan verib" - KOMİTƏ SƏDRİ BİLDİRİB

"Yol mədəniyyət, rahatlıq, o cümlədən iqtisadi inkişafdır. Çünki magistral yollar bilavasitə həm gediş-gəlişin təmin edilməsi, həm də məhsulların vaxtında mənzilə çatdırılması baxımından çox vacibdir. Son illərdə Prezident İlham Əliyevin sərəncamları ilə yolların əsaslı təmirinə ayrılan vəsaitlər Azərbaycanın nəinki iqtisadiyyatına güclü təsir göstəri, eyni zamanda insanların rahat gediş-gəlişi üçün əsaslı zəmin yaradıb. Dövlət başçısının Sumqayıt şəhəri ərazisində avtomobil yolunun əsaslı təmiri üçün 8,1 milyon manat vəsaitin ayrılması da məhz nəcib məsələlərə xidmət edir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin komitə sədri Tahir Rzayev deyib.

Onun sözlərinə görə, son dövrlərdə Azərbaycan ərazisindəki yolların əsaslı təmiri sosial-iqtisadi inkişafa yeni bir təkan verib: "Bu gün Azərbaycan nəqliyyat sektorunun inkişafına görə öncül sıralardadır. Nəqliyyatda yükdaşımaların getdikcə inkişaf etdirilməsi onu göstərir ki, Azərbaycan ərazisindəki yollar əsaslı təmirə malikdir və bu, nəqliyyat vasitələrinin səmərəli fəaliyyətinə müsbət təsir göstərir".

Deputat sözlərinə davam edərək bildirib ki, Sumqayıt Respublikamızın ən gözəl və abad şəhərlərindən biridir: "Şəhərin günü-gündən abadlaşdırılması, yeni parkların, yaşayış binalarının salınması üçün əlavə tədbirlərin görülməsi insanların sosial rifah halı üçün görülən işlərin əsasıdır. Demək olar ki, bu sahədə həyata keçirilən işlər vətəndaşlarda məmnunluq hissi yaradır. Prezident İlham Əliyevin sərəncamı ilə belə bir vəsaitin ayrılması da insanların rahatlığına, yol infrastrukturunun yeniləşməsinə bir töhfədir".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə