"Prezidentin bu sərəncamı perspektiv planlara hesablanıb" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycan Prezidenti İlham Əliyevin Suqovuşan-Kəlbəcər-Ağdərə-Ağdam avtomobil yolunun yenidənqurulması ilə bağlı verdiyi sərəncam və bunun nəticəsində ayrılan 4,5 milyon vəsait hər bir azərbaycanlının ürəyindəndir. Bu, bilavasitə yol infrastrukturunun həyata keçirilməsi sahəsində tərtib olunan layihələrin tərkib hissəsidir. Son illərdə Azərbaycanda 21 min km yol çəkilib ki, bu da nəqliyyatın səmərəli fəaliyyəti, insanların rahatlığı baxımından çox önəmlidir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin komitə sədri Tahir Rzayev deyib.

Onun sözlərinə görə, bu gün işğaldan azad olunmuş ərazilərdə yol-infrastrukturunun yenilənməsi, yeni layihələrin həyata keçirilməsi əlbəttə ki, ölkə iqtisadiyyatının gələcək inkişafına xidmət edir: "Yol mədəniyyətdir və insanların rifahı üçün vacibdir. Ona görə də bu yolların yenidən qurulması iqtisadiyyatın inkişafına böyük imkanlar yaradacaq. Yol infrastrukturunun yenilənməsi aqrar sektorda, xüsusilə kənd təsərrüfatı sahəsində yeni imkanların yaradılmasına zəmanətdir. Çünki bu, insanların istehsal etdiyi məhsulların bazara çıxarılması baxımdan çox vacibdir və gələcək inkişafa hesablanıb".

T.Rzayev sözlərinə davam edərək bildirib ki, bu gün işğaldan azad olunmuş ərazilərdə yeni yolların çəkilməsi, tunellərin qazılması, körpülərin salınması həm iqtisadi, həm də turizm baxımından mühüm əhəmiyyət daşıyır: "Azərbaycan bugünkü gündə dünyaya açılan bir qapıdır. Bu baxımdan yol layihələrinin uğurla həyata keçirilməsi turistlərin Azərbaycana axını üçün müəyyən imkanlar yaradacaq. Ona görə də bu sərəncam perspektiv planlara hesablanıb".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə