“,99” qiymətinin sirri nədədir? - İQTİSADÇI AÇIQLADI

"Əksər mağazalarda məhsulların qiymətinin sonu 9 və ya 99 qəpiklə bitməsi satış marketinqinin bir alətidir. Alıcı bir məhsulun qiyməti 100 manat görəndə baha olduğunu düşünüb uzaqlaşır. Amma qiymət 99 manat 99 qəpik olduqda istər-istəməz 99-rəqəminə fokuslanırlar və 100-dən az olduğu üçün o məhsula yaxınlaşırlar. Qiymətin vizual görünüşünə görə yaxınlaşan alıcıların çoxu sonda məhsulu alır". Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli deyib.

Onun sözlərinə görə, bu, bir növ insanlara psixoloji baxımdan təsir etməkdir: "Doğrudur, o 1 qəpik böyük məbləğ deyil, lakin qiymətin görüntüsünü dəyişərək cəlbediciliyə səbəb olur.

Ümumiyyətlə, marketinqdə iki tərəf mövcuddur. Satıcı tərəf kifayət qədər inkişaf edib. Bir də "ağıllı alıcı" ideyası olan marketinq sahəsi var. Ağıllı alıcı məhsullar arasında qiymət fərqi barəsində fikirləşir. Yəni, yalnız qiymətə baxıb məhsulu almır".

"Ola bilər ki, bizim 90 manata aldığımız məhsul, 110 manata aldığımız məhsuldan daha səmərəsizdir. Bu qiymət siyasətinə qarşı mətbuat, televiziyalar və kütləvi informasiya vasitələri "ağıllı alıcı" ideyasını təbliğ etməlidir. İnkişaf etmiş ölkələrdə bu ideyanı şirkətlər deyil, televiziya və media orqanları reklam edir",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə