"Yağıntılar bütün növ məhsullara ziyan vurur" - AYDINLIQ GƏTİRİLDİ

"Ümumilikdə məhsuldarlıq normaldır. Təbii ki, iqlim amillərindən asılı olaraq bəzi sıxıntılar olsa da, məhsullar toplanır". Bu sözləri SİA-ya açıqlamasında AXA LESM Bərdə Regional Mərkəzinin direktoru Bəhruz Nəzərov deyib.

Onun sözlərinə görə, hal-hazırda pomidor, xiyar məhsulları yekunlaşmaq üzrədir: "Bundan sonra onlar ancaq istixanalarda yetişdiriləcək. Orada isə heç bir problem olmur. İstixanalarda hava şəraitindən asılı olmayaraq məhsul yetişdirib satışa verirlər. Amma hazırkı hava şəraiti, yəni yağıntılar ümumilikdə bütün məhsullara öz zərərini göstərir. Yağıntıların fasiləli şəkildə davam etməsi yığımı ləngidir. Amma yenə də yığım prosesi davam edir".

"Kənd təsərrüfatı elə bir sahədir ki, burada iqlimdən asılılıq var. Məhsulu toplamayana kimi heç kim onun varlığına zəmanət verə bilməz. İstixanaları olanlar istədikləri məhsulu yetişdirərək bazarla ayaqlaşa bilirlər. Bazarda nəyə ehtiyac varsa, onu yetişdirirlər. Düşünürəm ki, istixana məhsulları sayəsində ehtiyacımızı qarşılaya bilərik. Qiymətinin nə qədər olacağını isə indidən demək mümkün deyil",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə