Ölkəyə pul köçürmələrinin azalmasının səbəbi... - İQTİSADÇI AÇIQLADI

"Sözsüz ki, ölkəyə pul köçürmələrinin azalması gözlənilən bir proses idi. Ötən il köçürmələrdə təxminən 100%-ə yaxın artım müşahidə olunmuşdu. Bu da Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar idi. Çünki orada yaşayan soydaşlarımız kapitalını çıxardıb daha sabit olan Azərbaycana gətirirdilər. Bu proses həm Ukrayna, həm də Rusiyadan baş verirdi. Şəxsi və investisiya vəsaitlərini Rusiya və Ukraynadan başqa xarici ölkələrə aparırdılar. Bu ölkələrə Azərbaycan da daxil idi".

Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eyyub Kərimli deyib.

Onun sözlərinə görə, artıq Rusiya iqtisadiyyatında geriləmə baş verib: "Orada yaşayan soydaşlarımızın da gəlirləri aşağı düşməyə başlayıb. Əgər Rusiya-Ukrayna müharibəsi başa çatmasa bu proses mənfiyə doğru gedəcək. Sözsüz ki, ölkəmizin iqtisadiyyatına, ev təsərrüfatlarına, region əhalisinə mənfi təsir göstərə bilir. Belə ki ölkəmizə pul köçürmələri daha çox bəzi region sakinlərinin payına düşürdü. Ona görə də pul köçürmələrinin azalmasının onlara təsirini müşahidə edəcəyik".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə