28 May–Respublika Günü münasibətilə konfrans təşkil edilib -VİDEO-TƏDBİR-FOTOLAR
Bu gün Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə 28 May – Respublika Günü münasibətilə “Şanlı tarix – Şanlı Respublika” adlı konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, konfransda Fondun icraçı direktoru Mehman İsmayılov, icraçı direktorun müavinləri Ceyhun Əliyev və Rəfi Qurbanov, Bakı Dövlət Universitetinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov, Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Vasif Qafarov, ictimaiyyət nümayəndələri, tələbələr və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Mehman İsmayılov qeyd edib ki, 1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş vermiş, Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur. Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır.
Daha sonra Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanmış “Azərbaycan bayrağı” adlı videoçarx nümayiş etdirilib.
Tarix elmləri doktoru, professor Anar İsgəndərov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin xüsusilə dövlət quruculuğu sahəsindəki işləri böyük əhəmiyyət kəsb edir. Hökumət hələ Gəncədə ikən Azərbaycan dilinin dövlət dili elan olunması, Milli Ordunun yaradılması haqqında qanunlar qəbul etmişdir. İlklərə imza atan Azərbaycan Xalq Cümhuriyyəti qısa bir dövrdə 40 minlik bir nizami ordu təşkil edə bilmişdir. A.İsgəndərov qeyd edib ki, Xalq Cümhuriyyətinin gördüyü işlər və müəyyənləşdirdiyi hədəflər çox böyük tarixi əhəmiyyətə malikdir.
Tarix üzrə fəlsəfə doktoru, dosent Vasif Qafarov vurğulayıb ki, XIX əsrin sonu–XX əsrin əvvəllərində Azərbaycandan kənarda təhsil alan kifayət qədər ziyalılarımız var idi. Onların düşüncəsində və amalında Azərbaycanda demokratik bir cəmiyyətin yaranması problemi mövcud idi. Bu ziyalılar öz intellektual potensialı, öz xalqına, millətinə olan qayğısı, sədaqəti ilə Azərbaycanda XX əsrin əvvəlində gedən proseslərdə iştirak etmiş və Xalq Cümhuriyyətini yaratmışlar.
“AXC dövründə mədəni müxtəlifliyin qorunması” mövzusunda məruzə ilə çıxış edən Fondun icraçı direktorunun müavini Rəfi Qurbanov qeyd edib ki, 1918-ci il mayın 28-də elan edilən Azərbaycan Demokratik Respublikasının İstiqlal Bəyannaməsində milli və dini məsələlərlə bağlı müddəalar öz əksini tapmışdır. Bəyannamədə Azərbaycanda yaşayan xalqların suveren hüquqlara malik olduğu, öz sərhədləri daxilində milliyyətindən, dinindən, sosial vəziyyəti və cinsindən asılı olmayaraq, bütün vətəndaşların vətəndaşlıq və siyasi hüquqlarla təmin edildiyi, ölkə ərazisində yaşayan bütün millətlərə azad inkişaf üçün geniş imkanlar verildiyi qeyd edilib.
Konfransda tələbələr və gənclərlə geniş fikir mübadiləsi aparılıb
Bütün xəbərlər Facebook səhifəmizdə