Yoluxmanın artması sağlamlıq sistemini gərginləşdirir - 1 milyon 110 min yoluxma

Yaponiyada yeni növ koronavirusa yoluxma sayının artma tendensiyası davam edərsə, ölkənin səhiyyə sistemi bu vəziyyəti idarə edə bilməyəcək.

Hökumətin "Covid-19" Məşvərət komitəsinin iclasına qatılan mütəxəssislər ölkə daxilində rekord səviyyədə artan yoluxmanın sayına diqqət yetirib. Komitə sədri bildirib ki, yoluxma nəzarətdən çıxa bilər: "Hazırda buna doğru gedirik”.

Tokio Qubernatorluğu tərəfindən təşkil edilən yığıncaqda danışan Tibb Federasiyasının vitse-prezidenti İnokuşi Masataka deyib ki, təcili tədbirlərin görülməsi üçün bütün imkanlardan istifadə ediləcək.

Yaponiyada epidemiya başlayandan bəri ən yüksək yoluxma hadisəsi dünən aşkarlanıb. "Covid-19"a yoluxanların sayı 20 min 366 artaraq 1 milyon 110 min 625-ə, virusdan ölənlərin sayı isə 25 faiz artaraq 15 min 397-ə yüksəlib. Ölkə üzrə 1478 nəfər reanimasiya şəraitində müalicə alır. Hökumət ayın sonuna qədər Tokioda və ətrafındakı Kanaqava, Saitama, Çiba, Osaka və cənubdakı Okinava adalarında fövqəladə vəziyyət tətbiq edib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə