Keçmiş sevgilisindən İlon Maskla bağlı şok iddialar

Amerikalı sahibkar və milyarder İlon Mask ilə onun keçmiş sevgilisi, aktrisa Ember Hörd arasındakı münasibətlə bağlı yeni təfərrüatlar üzə çıxıb. SİA xəbər verir ki, məlumatı "Radar Online" dərc edib.

Mask ilə Hördün münasibəti 2017-ci ildə başlayıb və cəmi bir neçə ay davam edib. Bu müddət ərzində aktrisa rəfiqəsinə Maskın qısqanclığından şikayət edib. Hörd onun özünü dəli kimi apardığını söyləyib. Aktrisanın iddiasına görə, Mask onun evinə kameralar, maşınına isə dinləmə cihazları quraşdırıb.

Tez-tez küsüb barışan cütlüyün son ayrılığı 2017-ci ilin dekabrında Rio-de-Janeyro səfəri zamanı baş verib. Nəşrin yazdığına görə, mübahisədən sonra Hörd özünü otel otağına qapayıb və qışqırmağa başlayıb. Aktrisa Maskın onun pasportunu əlindən aldığını və onun hücum edəcəyindən qorxduğunu deyərək kömək istəyib.

Lakin otelin təhlükəsizlik işçiləri bunun belə olmadığını bildirirlər.

Xatırladaq ki, Ember Hörd keçmiş həyat yoldaşı, aktyor Conni Deppdən qalmaqallı şəkildə boşanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə