Qəzzada ölənlərin sayı 57 680 nəfərə çatıb

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı son 24 saatda 105 nəfər artaraq 57 min 680 nəfərə çatıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi verdiyi açıqlamada İsrailin davam edən hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumatları paylaşıb.

Bildirilib ki, son 24 saat ərzində Qəzzada 105 nəfər ölüb, 530 yaralı xəstəxanalara çatdırılıb. Bildirilib ki, İsrail ordusu yanvarın 19-da razılaşdırılmış atəşkəs rejiminin pozulmasının ardınca martın 18-dən bəri başlatdığı hücumlarda 7118 fələstinlini öldürüb, 25368 nəfəri yaralayıb.

2023-cü il oktyabrın 7-dən etibarən İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayının 57 680 nəfərə, yaralıların sayının isə 137 409 nəfərə yüksəldiyi bildirilir. Qəzza zolağında minlərlə ölünün hələ də dağıntılar altında qaldığı bildirilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə