Silahlı terror nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb

Taylandın Fetçaburi əyalətində dünən günorta saatlarında keçmiş əsgər olduğu öyrənilən 29 yaşlı Anuvat Venthonq evinin yerləşdiyi küçədə silahlı terror törədib. SİA xarici mətbuata istinadən xəbər verir ki, təcavüzkarın ətrafa atəş açması nəticəsində aralarında əyalət qubernatoru da daxil olmaqla 3 nəfər həyatını itirib, 3 nəfər isə yaralanıb. Anuvatın tutulması üçün polis tərəfindən əməliyyat keçirilib. Hərbi hazırlığı və atıcılıq idmanına marağı səbəbindən polisin ehtiyatla yaxınlaşdığı hücumçu saatlarla davam edən silahı yerə qoyma xəbərdarlığına məhəl qoymayıb.

Xüsusi əməliyyatla bağlı açıqlama verən polis rəisi bildirib ki, təcavüzkarın təslim olması üçün 15 saatlıq inandırma cəhdlərinin nəticəsiz qalmasından sonra daha çox insan itkisinin qarşısını almaq üçün silahlı əməliyyata qərar verilib. Tayland xüsusi əməliyyat qrupları yerli vaxtla saat 04:00 radələrində hücumçunun evinə silahlı basqın həyata keçirib. Qısa sürən qarşıdurma sonunda gizləndiyi evin ikinci mərtəbəsində zərərsizləşdirilən təcavüzkarın üzərindən çoxlu sayda güllə ələ keçirilib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə