Bu, 84 il sonra baş verən ən şiddətli zəlzələdir

06.02.2023-cü il tarixində Türkiyə vaxtı ilə saat 04:17-də Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsində başlayan zəlzələlər nəticəsində Qaziantep və Kahramanmaraş vilayətləri başda olmaqla bir çox şəhər və Hatay, Adıyaman, Qaziantep, Diyarbəkir, Malatya, Osmaniye, Elazığ, Kilis, Şanlıurfa, Adanada dağıntılar meydana gəldi. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölənlərin sayı 6957 olduğu halda, dağılmış binaların sayı 5775, xəsarət alanların sayı isə 38224 nəfər olub.

Türkiyədə 1939-cu ildə 7,9 bal gücündə Ərzincan zəlzələsindən 84 il sonra meydana gələn ən şiddətli zəlzələ olaraq qeydə alınan bu zəlzələni Böyük Ərzincan zəlzələsindən fərqləndirən ən böyük xüsusiyyət müstəqil və hər 9 saatdan bir meydana gələn dağıdıcı təkanların olmasıdır. Türkiyənin bir çox bölgələrində və müxtəlif ölkələrdə güclü şəkildə hiss olunurdu.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraş Pazarcıkda baş verən zəlzələdən sonra açıqlama verərək, axtarış-xilasetmə qruplarının dərhal zəlzələdən zərər çəkmiş bölgələrə göndərildiyini, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi , Qubernatorluqlar və digər bütün təşkilatların lazımlı işlərə başladığını bildirib.

Afət və Fövqəladə Halların İdarə Edilməsi (AFAD) başçılığındakı prosesin ardından Türkiyə Respublika Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan bildirib ki, dövlət zəlzələdən sonra bütün qurumları ilə hərəkətə keçib və bütün imkanlar səfərbər olunub. Eyni zamanda, Prezidentin göstərişi ilə Nazirlər Kabinetinin bütün üzvləri zəlzələdən zərər çəkmiş vilayətlərə təyinat aldılar. 96770 axtarış-xilasetmə və yardımçı heyət fəal şəkildə işləri davam etdirir. 5402 maşın və tikinti texnikası işləyir. Xarici ölkələrdən kömək üçün gələn kadrların sayı 5309 nəfər olub.

Türkiyə Respublikasının Daxili İşlər Naziri cənab Süleyman Soylu bütün axtarış-xilasetmə qruplarının zəlzələ bölgələrinə göndərildiyini və ən yüksək həyəcan siqnalının verildiyini açıqlayıb. Cənab Soylu bütün komandaların həyəcan vəziyyətində olduğunu və beynəlxalq yardım da daxil olmaqla dördüncü səviyyəli həyəcan siqnalının verildiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə