"Hazırda əsas diqqətimizi komandanın hazırlıq prosesinə yönəltmişik" - BAŞ MƏŞQÇİ DANIŞDI
"Azərbaycan Prezidenti İlham Əliyevin göstərdiyi diqqət və qayğı bizi son dərəcə məmnun etmişdir. Həm öz adımdan, həm də komanda yoldaşlarım adından təşəkkürümüzü bildiririk. Belə bir dövlət başçısına və Ali Baş Komandana sahib olmaqdan qürur duyuruq". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan minifutbol millisinin baş məşqçisi Elşad Quliyev Prezidentin minifutbol barəsində imzaladığı sərəncama münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, maliyyə vəsaitinin ayrılması ilə bağlı məsələyə gəlincə, bu məsələ ilə bağlı tam məlumatımız yoxdur: "Daha ətraflı məlumatın Azərbaycan İdman Federasiyasının rəhbər şəxsləri tərəfindən verilməsi məqsədəuyğun olardı. Federasiyanın gələcək planları barədə isə hələlik bizə rəsmi məlumat təqdim olunmayıb. Ümid edirik ki, yaxın zamanda bu planlar açıqlanacaq.
Hazırda əsas diqqətimizi komandanın hazırlıq prosesinə yönəltmişik. Qarşıda bizi Çempionlar Liqası və Avropa Çempionatı gözləyir. Məqsədimiz bu turnirlərə yüksək səviyyədə hazırlaşmaq və uğur qazanmaqdır"- deyə baş məşqçi əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə