"Braqa" ilə oyundan öncə Qurban Qurbanovun mətbuat konfransı keçirilib

"Sabahkı oyun bizim üçün çox vacibdir. Bütün fikrimizi rəqibə yönləndirmişik. İlk oyunun nəticəsi bizi aldatmalı deyil, əksinə biz burada daha nizamlı oynamalıyıq". SİA xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının pley-off mərhələsində sabah baş tutacaq "Qarabağ"-"Braqa" oyunundan öncə keçirilən mətbuat konfransında Ağdam klubun baş məşqçisi Qurban Qurbanov deyib.

51 yaşlı baş məşqçi futbolçuların Bakıda daha istəkli, soyuqqanlı və düzgün oynayacaqlarına inandığını bildirib: "Sabaha kimi vaxtımız var. Rəqibimizi analiz edib daha yaxşı tanıyacağıq. Əlimizdəki şansı daha düzgün istifadə etməyə çalışacağıq".

Jurnalistlərin suallarını cavablandıran baş məşqçi fikirlərini bölüşərək deyib ki, ölkəmizdə Avropada qazanılan hər qalibiyyətin bizim üçün böyük uğur sayılmalı olduğu ilə bağlı bir fikir formalaşıb: "Çox istərdik ki, sabahkı oyunu Azərbaycan futbolunun Avropada təsdiqi kimi adlandırılsın. Amma bu oyunla kifayətlənmək düzgün olmaz. Çünki hələ ikinci oyunda qalib gəlməmişik. Böyük komandaların Bakıya gəlməsi ilə kofayətlənməməli, eyni zamanda qələbə qazanmağa köklənməliyik",- deyə o əlavə edib.

Q.Qurbanov komandada hər şeyin yolunda olduğunu və heç bir oyunçuda zədə problemi olmadığını vurğulayıb.

Mətbuat konfransında iştirak edən “Qarabağ”ın futbolçusu Olavio Juninyo oyuna çox ciddi hazırlaşdıqlarını qeyd edib: "Rəqib mövsümə başqa yarışda başlamışdı, indi başqa birində davam edir. Bu da onu göstərir ki, rəqib təhlükəlidir. Amma oyunun taleyini xırda detallar həll edə bilər. Ona görə də diqqətli olmalıyıq. Amma bizim üçün önəmli bir faktor da var ki, sabah doğma azarkeşlərimizin qarşısında oynayacağıq. Bu bizim üçün əlavə üstünlükdür. Düşünürəm ki, maraqlı bir oyun keçəcək".

Juninyo bildirib ki, ilk oyunda "Qarabağ" Portuqaliya klubunu təəccübləndirdiyini düşünmür: "Çünki onlar bizi tanıyır və bizdən belə bir oyun gözləyirdilər".

"Komandada əhval-ruhiyyə çox yaxşıdır. Oyunçular sabahkı oyuna kökləniblər. Hər şey doğma meydanımızda keçirilən oyundan asılı olacaq. Ümid edirəm ki, oyun bizim xeyrimizə nəticələnər",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə