Gənclik müasirləşmək adı altında uçuruma gedir - SORĞU

Gənclərin əksəriyyətində ictimai yerlərdə davranışlarında bəzi problemlər özünü göstərir. Bəzən necə davranmalı və ya nə danışıb-danışmamalı olduqlarını düzgün dərk etmirlər. Bu gün gəncliyin düzgün inkişaf etməməsi cəmiyyətə mənfi təsir edir. Bəs görək şəhər sakinləri gənclər haqqında nə düşünür? SİA bu mövzu ilə bağlı sorğu keçirib.

Şəhər sakini Şəhla Abdullayeva: "Hər şey tərbiyədən asılıdır. Uşaqların oturub-durduqları necədirsə, onlar da o cür davranırlar. Bəlkə də onlar düşünmürlər, başa düşmürlər. Ona görə də səhv mühitə düşə bilərlər və cəmiyyət arasında özünü necə aparmalı olduqlarını öyrənə bilmirlər. Amma valideynlər uşaqlarına nəzarət etməli, düzgün tərbiyə verməlidir".

Şəhər sakini Əlövsət Abbasov: Gənclər nümunəvi olmalıdır. Onlar ədəb, əxlaq qaydalarına riayət etməlidirlər. Düzdür, bunları hər birinə aid etmək olmaz. Amma görünən odur ki, gənclərin, yeniyetmələrin çoxu ictimai yerlərdə özlərini apara bilmirlər. Gərək ki hərəkətlərinə diqqət etsinlər".

Şəhər sakini Qənirə Allahverdiyeva: "Gənclərə qarşı münasibətim çox yaxşıdır. Mən hər insanın öz gəncliyini yaşamasının tərəfdarıyam. İndiki dövr nəyi tələb edirsə, gənclər də o cür davranırlar. Onları da qınamaq olmaz. Çox istəyərəm ki, gənclər olduqları yerdə rahat davrana bilsinlər".

Şəhər sakini Əhməd Qasımov: "Gənclik hara gedir bilmirəm. Gərək onlar hər şeyi özləri başa düşsün. Nə desək də indiki gənclərə bir faydası yoxdur. Müasirləşmək adı altında uçuruma gedirlər".

Şəhər sakini Pərvanə Hüseynova: "İstəyərəm ki, gənclər böyük-kiçiyə qarşı daha diqqət və hörmətlə yanaşsınlar. Düzünü desək, getdikcə gənclər arasında tərbiyəsizlik çoxalır. Görünür ki, onlar evdən kənarda böyüklərə qarşı necədilərsə, öz valideynlərinə qarşı da elədirlər. İndiki gənclərdə ədəb-ərkan deyilən şey yoxdur. "Mentalitetimizə uyğun deyil" deyəndə də özlərini haqlı çıxarmağa çalışırlar ki, mentalitet keçmişdə qalıb. Biz müsəlman ölkəsiyik. Gənclərimiz də bunu dərk edərək hərəkət etməlidir".

Şəhər sakini Sərdar Orucov: "Gənclər bəzən cəmiyyət arasında özünüaparma qaydalarına əməl etmirlər. Belə hallarla tez-tez rastlaşırıq. Belə şeylərə münasibətim mənfidir. Hansısa birinə söz deyəndə Avropadan danışmağa başlayırlar. Gedib Avropa görməyiblər, amma Avropadakı kimi davranmaq istəyirlər. Belə bir vəziyyətdə cəmiyyətin hara getdiyini demək çətindir".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə