Dünən terroru yaradanlar bu gün qurbana çevrilib - ARAŞDIRMA

İngiltərədə aparılan araşdırmalara görə terror riski ən yüksək olan ilk 9 ölkə İraq, Əfqanıstan, Pakistan, Somali, Livan, Hindistan, Əlcəzair, Kolumbiya və Taylanddır.

İraqda terrorla bağlı vəziyyət 2010-cu ildə yaxşılaşmışdı, lakin 2009-cu ildə təxminən 4500 mülki şəxsin ölümü İraqı hələ də siyahının başında saxlayır. Müqayisəyə əsasən, terror riski yüksək olan bəzi ölkələr və onların sıralaması aşağıdakı kimidir:

2010-cu ildə “Orta risk” ölkələri arasında Filippin (10), Türkiyə (14), Rusiya (15), Nigeriya (24) və İspaniya (34), Böyük Britaniya (41), Çin (43), ABŞ (46) və Fransa (56) yer alarkən, Almaniya (81), Kanada (116) və Avstraliya (120) "aşağı risk" siyahısına daxil edilib.

Terrorizm dünyada ilk dəfə harada olub?

Terror sözü ilk dəfə Fransada Fransa inqilabından sonra istifadə edilib. İnqilabdan sonra 1793-cü ilin martından 1794-cü ilin iyuluna qədər olan dövr “terror rejimi” və ya “terror hökmranlığı” adlandırıldı.

İslamda terror var?

İslam dini terrora, zorakılığa və gərəksiz müharibələrə tamamilə qarşıdır. O, zorakılığı, terroru və öldürməyi qadağan edib. İslam sevgi, hörmət və insanlığı, sülh içində yaşamağı məsləhət bilir. Bu səbəblə İslam sevgi, sülh və əmin-amanlıq dinidir.

Azərbaycanda olan terror hadisələri:

16 sentyabr 1989-cu il. "Tbilisi-Bakı" marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 5 nəfər həlak olmuş, 25 nəfər yaralanmışdır.

18 fevral 1990-cı il. Yevlax-Laçın yolunun 105-ci km-də "Şuşa-Bakı" marşrutu ilə hərəkət edən avtobus partladılmış, çoxlu insan təlafatı olmuşdur.

11 iyul 1990-cı il. "Tərtər-Kəlbəcər" sərnişin avtobusu partladılmış, dinc əhali olan maşın karvanına qarşı terror aksiyası keçirilmiş, nəticədə 14 nəfər qətlə yetirilmiş, 35 nəfər yaralanmışdır.

13 aprel 1994-cü il. Dağıstan Respublikasının "Daqestanskiye Oqni" stansiyası yaxınlğında "Moskva-Bakı" sərnişin qatarı partladılmış, 6 nəfər həlak olmuş, 3 nəfər yaralanmışdır.

3 iyul 1994-cü il. Bakı metropolitenin "28 May" və "Gənclik" stansiyaları arasında elektrik qatarındakı partlayış nəticəsində 13 nəfər həlak olmuş, 42 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır.

Bunlardan əlavə ölkəmizdə erməni vandalları tərəfindən Gəncə və Bərdə terrorları da törədilib. Gəncə bombalanmaları və ya Gəncəyə raket hücumları 2020-ci ilin oktyabr ayında Azərbaycanın Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən 5 dəfə ayrı-ayrı zamanlarda baş verib. İlk hücum 4 oktyabrda, ikinci raket hücumu isə 5 oktyabrda olub. Mülki şəxslərə raket hücumlarından həyatını itirənlər və yaralananlar arasında azyaşlılar üstünlük təşkil edib.

Вərdənin bombalanması isə Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən 2020-ci il oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndinə, oktyabrın 28-də isə Bərdə şəhərinə olan raket hücumları baş verib. Bərdə hücumları nəticəsində 27 nəfər öldü, 70 nəfərdən artıq insan yaralandı.

SİA dünyada və Azərbaycanda baş verən terror hadisələri ilə bağlı araşdırma apararaq din xadimi və deputatların fikirlərini öyrənib.

Din xadimi Mircəfər Əyyubov: “İslamda terror yoxdur. İslamda ümumiyyətlə namərdlik qəti şəkildə rədd edilir. Əksinə, tarix boyu məhz müsəlman liderlər terrora məruz qalmışdır.

Elə Qədr gecəsi terror ilə şəhid edilmiş Əli əleyhissəlam bir nümunədir. İslamda fiziki terror, fərdi terror, kütləvi terror, mənəvi və mədəni terror- bunların hamısı qadağandır. Bu gün dünyanın müxtəlif ölkələri işğal olunur, işğala məruz qalmış xalqın nümayəndələri mübarizə aparanda isə adını terror qoyur, bunu mediyada təbliğ edirlər. Biz terroru haqq uğrunda mübarizədən ayırmalıyıq.

Şəhid Mübariz ermənilərə görə terrorçu idi, amma əslində müqəddəs bir mübarizə edərək şəhid olan bir qəhrəmandır. Bunları fərqləndirə bilməmək cəhalətdir”.

JEM sədri Ceyhun Musaoğlu: “Dünyada terror hadisələrinin tarixi çox qədimdir. Bu hadisələr heç vaxt özbaşına baş verməyib. Bunu həmişə kimlərsə təşkil edir. Terror hadisələrinin arxasında əsasən böyük siyasi qrup və dövlətlər dayanır. Terror təşkilatlarını yaradan isə Qərb dövlətləri olub. Daha doğrusu Amerikadır. Bunu isə İslamı gözdən salmaq üçün edir. Bu işləri də xüsusən xristianlar qurur. Talek necə gətiibsə ilahi ədalət baş verib. İndi isə xristianlar özləri terrorla üzləşərək biri-birini qırırlar. Dünya özü-özünün qurduğu terror hadisələrinin toruna düşüb. Bunun qarşısını almağın yolu yoxdur. Bu yolun nümunəvi həllini Azərbaycan göstərdi. Azərbaycan birləşərək ermənilərə qalib gəldi. Terrorun kökü tam kəsilməsə də Azərbaycan gücünü göstərə bildi. Bu gün hansısa terror hadisəsi baş versə belə Azərbaycan tərəfindən adekvat cavab ala bilir. Dünən terroru yaradanlar bu gün qurbana çevrilib”.

Deputat Müşfiq Cəfərov: “Ümumiyyətlə, terrorlar tarixən də olub. İndi isə bunu bəşəriyyətə, insaniyyətə, yaşından asılı olmayaraq dinc əhaliyə qarşı terror törətdilər. Son 44 günlük müharibəni götürsək, bu dinc əhaliyə qarşı bir terror idi. Daha sonra müəyyən bir vaxt verildi ki, (10 noyabr razılaşması) bu vaxt çərçivəsində onlar o əraziləri tərk etməli idilər. O əraziləri tərk etməzdən öncə ekoloji terrorlar törədilir, meşələr yandırılırdı, hətta ağac yenidən özünə gəlməsin deyə ağacın dibinə neft, salyarka tökərək məhv edirdilər. Evləri yandırırdılar. Bir sözlə, ekoloji terrorlar törədirdilər.

Ermənilər tərəfindən müxtəlif cür terrorlar törədilib. Biz bunu hər zaman ictimaiyyətə olduğu kimi çatdırmışıq. Təəssüf ki, ermənilərlə biz qonşu olmuşuq. Yəni, belə bir pis niyyətli, bədnam qonşularımız var. Ancaq hər zaman o terrorlardan özümüzü qorumalıyıq. Biz çalışmalıyıq ki, bu cür hallar təkrar baş verməsin, bizə qarşı bu cür hadisələr törədilməsin. Bunun üçün də güclü olmalıyıq. Həmçinin, müdafiəmiz, hərbimiz, iqtisadiyyatımız, təhsilimiz, sosial həyatımız, yəni, hər cəhətdən güclü olmalıyıq ki, həm özümüzü qorumuş olaq, həm də özümüzü regionda güclü bir ölkə kimi təqdim edərək artıq bu cür hadisələrə imkan verməyək.

Ümumiyyətlə, terror hadisələri ilə bağlı bütün dünya ölkələri mübarizə aparır. Lakin bəzi ölkələrdə bu hadisələrə tez-tez rast gəlinir. Elə ölkələr var ki, ümumiyyətlə heç o hadisələrlə rastlaşmır, ancaq ümumilikdə bütün bəşəriyyət və dünya terrorla hər zaman mübarizə aparır”.

Deputat Ülviyyə Həmzəyeva: “ “Böyük Ermənistan” yaratmağı, Türkiyə və Azərbaycana qarşı mübarizə aparmağı əsas məqsəd kimi bəyan edən ermənilər və erməni terror təşkilatları, həqiqətdə bütün bəşəriyyətə qarşı cinayətlər törətmiş və törətməkdə davam edirlər. Belə ki, Azərbaycan xalqı son 200 il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırım və təcavüzkar siyasətinə məruz qalaraq, öz tarixi torpaqlarından didərgin salınmış, qaçqın və məcburi köçkünə çevrilmişlər. Ermənistanın ərazi iddiası nəticəsində havadarlarının köməyi ilə, Dağlıq Qarabağ bölgəsinin və ona bitişik 7 rayonun ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi, bütün dövrlərdə olduğu kimi erməni terrorçularına xas olan olan kütləvi qırğınlarla müşayiət olunmuşdur. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 000 nəfər azərbaycanlı həlak olmuş, 100 000 nəfərdən çoxu yaralanmış, 50 000 nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur. Bu, terrorun daha dəhşətli forması olan soyqırımdır. Təkcə XX əsrdə ermənilər Azərbaycan xalqına qarşı iki dəhşətli soyqırım törətmişdir. 1918-ci il mart soyqırımı və 1992-ci il Xocalı soyqırımı erməni vəhşiliyinin bariz sübutudur. Bu soyqırımlar zamanı erməni terroristlərinin minlərlə günahsız uşaqları, qadınları və yaşlı insanları öldürməsi təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı dəhşətli bir cinayətdir. İlk dəfə 1998-ci ildə ümummilli liderimiz Heydər Əliyevin mart soyqırımına hüquqi qiymət verməsi ilə bu vəhşiliklər bütün dünyaya nümayiş etdirilmiş, hər kəs erməni terrorunun dəhşətli miqyasını görmüşdür. Hazırda da Azərbaycanın yeritdiyi uğurlu siyasət nəticəsində Xocalı soyqırımını tanıyan və erməni terrorunu pisləyən dövlətlərin sayı ildən-ilə artır. Lakin ermənilər hələ də, gizli vasitələrlə də olsa, öz terror əməllərindən əl çəkmirlər. Onlar, lazım olduqda digər millətlərə qarşı da terror aktları törətməkdən çəkinmir, öz çirkin məqsədlərinə çatmaq naminə minlərlə günahsız insanın ölümünə bais olurlar. Lakin gec, ya da tez, bütün terror əməlləri kimi, erməni terroru da öz cəzasını tapacaqdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə