Heç cür öz dilimizi təbliğ edə bilmirik - SORĞU - ŞƏHƏR SAKİNLƏRİ
Milli-mənəvi sərvətimizdən, mənəviyyatımızdan bəhs olunanda, ilk növbədə ana dilimiz yada düşür. Əgər bir xalqın ana dili yoxdursa, demək, həmin xalqın özü də yoxdur. Böyük mütəfəkkirlərdən biri deyirdi ki, "bir xalqı yox etmək istəyirsənsə, birinci onun dilini məhv et". Bizim milli birlik və həmrəyliyimizi təmin edən ana dilimizi qorumaq, inkişaf etdirmək və yaşatmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Bizim birinci nailiyyətimiz o olmalıdır ki, öz dilimizi Azərbaycanda hakim dil etməliyik. Müəyyən səbəblər nəticəsində öz dilimizlə yanaşı, alınma sözlər də gündəlik həyatımızda istifadə edilir. Lakin bunun qarşısını almaq, ana dilimizi təbliğ etmək lazımdır. Bəs görək şəhər sakinləri ana dilimizin qorunması barəsində nə düşünür. SİA bu mövzu ilə bağlı sorğu keçirib.
Şəhər sakini Mövlud Teymurov: "Əhalinin çox hissəsi alınma sözlərdən istifadə edir. Öz dilimizi inkişaf etdirmək lazımdır. Bunun üçün də ana dilimizdə olan məlumatları, ana dilli ədəbiyyatımızı çox oxumaq lazımdır. Məsələn, əgər Rəsul Rzanın şeirlərini oxusalar, plyaj sözünün yerinə çimərlik istifadə edərlər. Səməd Vurğun, Rəsul Rza kimi şairlər ana dilimizin inkişafı üçün çox çalışıb, lüğətimizə yeni sözlər gətiriblər. Bu sənətkarların dilində heç bir səhv yoxdur. Niyə gənclərimiz onları oxuyub, örnək götürmürlər? Məktəblərdən başlayaraq dilimizin gözəlliyi, düzgünlüyü təbliğ olunmalıdır".
Şəhər sakini Ramiz Novruzov: "Məncə, ana dilimiz kifayət qədər qorunmur. İndi mən "ata", "ana" sözlərini eşidəndə sevinirəm. İnsanların dilinə alınma sözlər o qədər nüfuz edib ki, artıq əsl Azərbaycan sözləri eşidəndə təəccüblənirik. Düzdür, mənim öz övladlarım da rus dili yaxud türk dili sözlərindən istifadə edirlər. Amma onlar bu cür formalaşıb, bu yaşdan sonra da insanları yeni nəyəsə öyrəşdirmək çox çətindir".
Şəhər sakini Xalidə Şükürova: "Alınma sözlərin istifadəsinin qarşısını almaq mümkün deyil. Bizim insanlar daha çox xarici dildə danışmağa meyl edirlər. Azyaşlı uşaqlar da dil açanda türk dilində, ya da ingilis dilində sözlər deyirlər. Bunlar da həmin dildə olan cizgi filmlərə, videolara baxmaqdan irəli gəlir. Amma valideynləri də qınamaq olmaz. Çünki ana dilimizdə cizgi filmlər yox dərəcəsindədir. Heç cür öz dilimizi təbliğ edə bilmirik".
Şəhər sakini Hümbət Mustafayev: "Çox istəyərəm ki, alınma sözlər tamamilə dilimizdən çıxarılsın. Bunun üçün nə gərəklidirsə, onu etməyə çalışmalıyıq. Efirlərdə rusdilli, türkdilli sözlərdən istifadə olunmasa yaxşı olar. Çünki televizoru uşaqdan-böyüyə hər kəs izləyir. Əgər alınma sözləri dilimizdən çıxarmaq istəyiriksə, ilk öncə televiziya və radiolardan bu işin həllinə başlamaq lazımdır".
Şəhər sakini Vüqar Abbasov: "Hesab edirəm ki, dünyanın bütün ölkələrində alınma sözlərdən istifadə edilir. Yəni, hansısa ölkədə yalnız ana dilindən istifadə olunur deyə bilmərik. Bu da dilindən istifadə etdiyimiz dövlətlərlə əlaqələrimizdən irəli gəlir. Gediş-gəliş olduqca həmin ölkənin sözləri artıq dilimizə keçir. Ana dilimizi ilk olaraq reklam şirkətləri, marketlərdə, dövlət qurumlarında təbliğ etməyə başlamalıyıq. Başqa dildə olan sözlərin istifadəsini qadağan etmək lazımdır".
Şəhər sakini Şahnaz Məmmədova: "İlk olaraq valideynlər uşaqlara öz ana dilimizdə danışmalı olduğunu təbliğ etməlidir. Şəxsən mən evimdə "xalodelnik", "uje" və s. rus sözlərindən istifadə etmirəm. Öz övladlarıma da öyrədirəm ki, Azərbaycan sözlərindən istifadə etsinlər. Uşaqlarım xarici dil kurslarına gedirlər. Dil öyrənmək çox yaxşıdır. Amma ana dilimizi də korlamamaq lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB