Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Lakin bildiyiniz kimi son dövrlərdə ana dilimizdə bir sıra pozuntular baş vermişdir. Bu qanunauyğunsuzluqlar özünü hər yerdə biruzə verir. Mövzu ilə əlaqədar olaraq SİA paytaxt sakinləri arasında sorğu keçirib. Bəs gəlin görək, şəhər sakinləri ana dilimizdə yaranan problemlərlə bağlı nə düşünür?

Şəhər sakini Həbib Süleymanlı: “Məncə son dövrlərdə istər sosial şəbəkələrdə, istərsə də televiziyalarda və gündəlik danışıq dilində dil pozuntularına tez-tez rast gəlinir. Bu fikrimcə, heç ürəkaçıcı bir hadisə deyil. Çünki biz getdikcə dövlət olaraq inkişaf edirik. Lakin ana dilimizdə inkişafdan daha çox gerilik gedir. Çox istərdim ki, dil üzrə mütəxəssislər bu məsələ ilə ciddi şəkildə məşğul olsunlar".

Şəhər sakini Nuriyyə Xəlilova: “İnanın ki, bu mövzu mənim çox həssas yerimdir. İlk öncə demək istərdim ki, bugünkü gün televiziyalarımızda dil qaydalarına əməl olunmur. Mənim kiçik yaşlı övladım var, amma mən onun yaşına uyğun verliş tapmıram. Buna görə də mən məcbur olub onu rus dilli kanallara yönəldirəm. Lakin mən övladımla evdə öz ana dilimizdə danışırıq və onun da Azərbaycan dilində təmiz danışmağının tərəfdarıyam”.
Şəhər sakini Rəşad Quliyev: “Bildiyiniz kimi son günlərdə dilimizə “spayder” sözü əlavə olunmuşdur. Düşünürəm ki, bu çox yersiz bir addımdır. Ümumiyyətlə dilini, dinini, kökünü dəyişmək heç də xoş hal deyil. Əksinə biz öz dilimizi inkişaf etdirməli və çalışdığımız qədər təbliğ etməliyik”.

Şəhər sakini Fidan Əliyeva: “Məncə dilimizdə bir sıra dəyişikliklər olunsa çox yaxşı olar. Həmçinin sözlər və istifadə olunan ifadələr dil qanunlarımıza uyğunlaşsın. Çünki bu kimi qaydalara riaəyət olunmasa, dilimiz artıq korlanır və beynəlmiləl sözlər getdikcə artır”.

Şəhər sakini Adil Cabbarlı: “Ana dilimizdə bir çox problemlər var. Məni ən çox narahat edən hal insanların danışdığı zaman onlarda c, ç probleminin olmasıdır. Əgər sözlərdə qanunauyğunluğa fikir verilsə, danışıqda da bu öz əksini tapacaq”.

Şəhər sakini Nigar Nağıyeva: “Ana dilimizdə olan problemlər gündəlik xəbərlərimizdə və xəbər saytlarımızda özünü göstərir. Mənim fikrimcə, bunun əsas səbəbi savadsızlıqdan irəli gəlir. Çünki demək olar ki, insanlarımızın çoxu dil normalarını bilmir və bilmədiyi üçün də çoxlu səhvlər edir”.

Şəhər sakini İsmayıl Bağırov: “Bir vətəndaş olaraq deyərdim ki, ana dilimiz çox zəngin və çoxşaxəlidir. Bizim ana dilimizin kökləri çox qədimdir. Buna görə də hər bir azərbaycanlı bizim dilimizdə doğru və düzgün danışmağı özünə borc bilməlidir. Səliqəli danışmaq və yazmaq üçün orfoqrafik və orfoepik normalara əməl olunmalıdır”.
Şəhər sakini Aysel Əlverdiyeva: “Mən özüm rusdilli olsam da, Azərbaycan dilini çox sevirəm. Son illər də müşahidə etmisinizsə bir çox insanlar rus dili ilə ana dilimizi qarışdırıb danışır. Düşünürəm ki, ilk öncə buna son vermək lazımdır. Çünki sən belə danışdığın təqdirdə hər iki dilə qarşı çox böyük hörmətizlik etmiş olursan. Mənə görə ana dilimizdə yaranmış bir çox problemlərin səbəbi məhz bununla əlaqədardır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB