Evlilik sevgini öldürürmü?- PSİXOLOQ AÇIQLADI

Ailə qurmaq gənc yaşına çatan hər bir kəsin arzusudur. Lakin ailə quran zaman tələskənliyə yol vermək bu nikahın uzunömürlülüyünə heç də zəmanət vermir. Hər şeydən öncə qarşılıqlı hisslərin bütövlüyünə və səmimiyyətinə güvənmək üçün zamana ixtiyar verin. Çünki zaman çox şeyləri bəyan edir. Bəs görəsən evlilik sevgini öldürürmü? Sevgi deyilən məfhum nə zaman ölür?

“Fransızlar deyirlər ki, sevgi 3 il yaşayır. Sevgi ümumiyyətlə bir hiss deyil, o müəyyən bir hisslərin kompleks şəklidir”.

Bu sözləri SİA-ya verdiyi açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib.

Psixoloq Fərqanə Mehmanqızı qeyd edib ki, diqqət, qayğı, həssaslıq, simpatiya, empatiya, məsuliyyət, qarşılıqlı hörmət və s. bunların hamısı birlikdə sevgi anlayışıdır: “Sevgini verdiyin zaman bu hisslərin hamısı sevgini ayaq üstə saxlayır və bu hisslərin hər hansındasa bir axsama olduqda sevgidə də axsama olur. Bu, o qədər gözəl hissdir ki, bizi arxayınlıq məhv edir. Qarşı tərəf arxayındır ki, artıq o məni sevir və mənim bütün təkəbbürlüyümə, nöqsanlarıma rəğmən hər şey göz yumacaq. Əslində sevgini öldürən həmin arxayınlıqdır. İnsan gərək hər dəfə o sevgini yaşatmaq, saxlamaq üçün həmin hissi yaradan duyğuları ayaqda saxlaya və sevgi də məhz onun sayəsində yaşayır. Simpatiya, empatiya hissinin, qayğının, diqqətin, sevincin, qarşı tərəfin məsuliyyətini daşımaq və s. gözəl hisslərdir. Əgər bu hisslərlə dolub daşırsansa deməli sənin sevgin heç vaxt ölməyəcək. Bu tarixən Şərq ölkələrində Hindistanda, Türkiyədə və digər ölkələrdə yaşanmış tarixi hadisələrdən də görünür. Tac Mahal özü evliliyin sevgini öldürmədiyinin ən böyük nümunəsidir”.

Psixoloq xüsusilə vurğulayıb ki, bəli, sevgini məhz rahatlıq və arxayınlıq öldürür.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə