Müəllim şagirdə "çırtma" vuranda valideyn hay-küy salır - CƏMİYYƏTİN BAXIŞI - SORĞU
Son günlər hər kəs müəllimin şagirdi döyməsi, eləcə də əksinə şagirdin müəllimi döyməsi ilə bağlı fikirlərini bölüşür. Bəziləri müəllimi haqlı bilir, bəziləri bunun yolverilməz olduğunu bildirir. Ümumiyyətlə, şagirdə necə tərbiyə verilməli, təhsil qaydaları necə olmalıdır ki, belə hallar yaşanmasın? SİA olaraq şəhər sakinləri arasında sorğu keçirdik:
Şəhər sakini Xalidə Ağayeva: “Düşünürəm ki, bütün bunlar ən çox ailə tərbiyyəsindən irəli gəlir. Ailədə düzgün tərbiyyə verilsə, uşaqlar məktəbdə min cür hoqqadan çıxmaz və müəllimlərinə qarşı hörmətsizlik etməz. Biz uşaq vaxtı fikirləşirdik ki, görəsən müəllim yemək yeyir? Yəni müəllimlə aramızda o qədər sərhəd var idi”.
Şəhər sakini Sadıq Xankişiyev: “Ailədə uşağa düzgün yol göstərilmir, düzgün tərbiyyə verilmir. Nəticədə uşaq da bir sıra problemlər yaradır. İstər məktəbdə, istərsə də cəmiyyətdə. Mən günahı nə uşaqda görürəm, nə də müəllimdə. Günah valideyndə olur ki, övladını düzgün yetişdirmir”.
Şəhər sakini Səbinə Rzayeva: “Uşaqları pozan mobil telefonlardır, sosial şəbəkələrdir. Hərəsinin əlində bir telefon. Bütün günü aludəçisi olurlar. Gedirlər məktəbə müəllimi saymırlar, yaramazlıq edirlər. Biz müəllimə qarşı heç vaxt hörmətsizlik etməmişik. Müəllimə cavab qaytarmaq, onun üzünə ağ olmaq deyilən bir şey edə bilməzdik. O zamanlar müəllimə çox hörmət edirdilər”.
Türkiyəli vətəndaş Abdullah Ak: “Müəllimlik ən şərəfli vəzifədir. Müəllimlərə qarşı heç bir zaman hörmətsizlik göstərilməməlidir. Müəllimləri gördükdə hörmət əlaməti olaraq pencəyin önünü bağlamaq lazımdır. Müəllimləri hər zaman sevmək və hörmət etmək lazımdır. Bizim dövrdə müəllimi gördüyümüz zaman gizlənməyə deşik axtarırdıq”.
Şəhər sakini Tamilə Sabdumova: “Ümumiyyətlə bu barədə fikirlər müxtəlifdir və müxtəlif nöqteyi-nəzərdən baxmaq lazımdır. Uşaqların bu cür davranması daha çox verilən tərbiyyədən asılıdır. Düzdür bunu bütün uşaqlara aid etmək doğru deyil. Bir hissəsi bu cür davranır. Bəlkə də bü cür hallar müəllimlərin şagirdlərə pis rəftar etməsindən irəli gələ bilər. Bu da həmin müəllimlərə qarşı aqressiya yaradır. Müəllimə qarşı nifrət hissi yaradır. Müəllimə qarşı sevgi olsa inanmıram ki, şakirdlər bu cür hərəkətlər etsinlər”.
Şəhər sakini Xanlar Həmidov: “Uşaqlar evdə nə görürlərsə onu da tətbiq edir. Məkdəbdə də o cür rəftar edirlər. Bizim dövrümüzdə müəllim bizə sillə vururdu, ondan sonra biz səhvimizi anlayırdıq. İndi müəllim şagirdə bir "çırtma" vuranda valideyn hay-küy salır. Demirəm müəllim uşaqları vursun. Müəllim tərbiyəçidir, pedaqoqdur. Uşağı vurmamalıdır. Başa salmalıdır”.
Şəhər sakini Şükufə Cabbarova: “Mən özüm də müəlliməm. Universitetdə dərs deyirəm. Məktəblərdə bu cür hallar tez-tez yaşanır və bu məsələ ümumi məsələdir. Bu problemlər həm ailədən, həm cəmiyyətdən, həm də sosial şəbəkələrdən qaynaqlanır. Çünki onlar cavan uşaqlara çox təsir edir. Mənə elə gəlir ki, valideynlər uşaqlarla çox ciddi olaraq məşğul olmalıdır”.
Şəhər sakini Aqif Bayramov: “Müəllim mənə bircə dəfə sillə vurmuşdu. Ondan sonra oxumamağın daşın atdım və sinifdə 78 uşaq arasından bizim sinifdən 2 nəfər uşaq instituta daxil oldu. Onlardan biri də mənəm. İndiki uşaqları oxumamaq üstündə vursalar fəlakət baş verər. Valideyn müəllimin üstünə düşər ki, sən kimsən mənim övladımı vurursan”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB