Bu qanunun qəbul olunmasına ciddi zərurət var - SƏDR MÜAVİNİ AÇIQLADI

""Media haqqında" yeni qanun lahiyəsi neçə gündür ki, müzakirə olunur. Əsaslandırılıb ki, bu qanunun qəbul olunmasına ciddi zərurət var. Çünki, ölkədə media ilə bağlı bir çox məsələlər vardır ki, onlar köhnə qanunvericilikdə yox idi. Onların tənzimlənməsinə ehtiyac var idi. O baxımdan bu qanunun qəbul olunması imkan verir ki, mediada boş qalan sahələr də tənzimlənsin. Misal olaraq deyə bilərik ki, yeni media, onlayn media bizdə indiyə qədər tənzimlənmirdi, amma yeni qanun lahiyəsi onu da tənzimləyəcək". Bu sözləri SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, indiyə qədər firland jurnalistlərin hüquqları tənzimlənmirdi: "Yeni qanun onları da tənzimləyir. İndiyə qədər media reyestri yox idi. Yeni media reyestri təyin olunur və s. Yəni, qanun yeniliklərlə zəngindir".

Müşfiq Ələsgərli sözlərinə belə davam edib: "Mühüm göstəricilərdən biri də bu qanunun ictimai müzakirəsinin keçirilməsi və cəmiyyətin ümumi rəyi ilə qəbul edilməsidir. Deməli, qanun istər lahiyə halında, eskizlər halında hazırlananda, istərsə də son dövrlərdə layihə halına salınandan sonra çoxsaylı müzakirələr keçirildi. Həm ayrı-ayrı ictimaiyyət nümayəndələri, həm də redaksiyalarda görüşlər keçirildi, qanun təqdim olundu. Eyni zamanda Milli Məclisə iki dəfə media ictimaiyyətinin nümayəndələri dəvət olundular, iştirak etdilər. Beləliklə, bu qanun hesab edirik ki, bizim medianın inkişafını, yeniləşməsini və müstəqilliyini stimullaşdıracaq və arzu edək ki, tezliklə qanun qəbul olunaraq qüvvəyə minsin".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə