"Əgər, sabah məni peyvənd olunmadığıma görə işdən azad edirlərsə..." - SORĞU

Bildiyimiz kimi, uzun müddətdir ölkəmizdə vaksinasiya işləri gedir. Lakin bütün bunlara baxmayaraq vaksin olunanlarla yanaşı bundan qaçınanlar da az deyil. İnsanların əksəriyyəti vaksin olunmaqdan qorxurlar. Məsələ ilə bağlı SİA-nın əməkdaşı şəhər sakinləri arasında sorğu keçirib və onların vaksindən niyə qorxduqlarını və ya niyə peyvənd olunmaq istəməmədiklərini öyrənməyə çalışıb.

Şəhər sakini Gülnar Əliyeva: “Vaksinin tərkibi bilinmir. Doğrudur, zatən biz qəbul etdiyimiz bir çox dərman və iynənin də tərkibini bilmirik. Ən azından bu aralar ölümlər çox olduğuna görə, insan çəkinir. Bəlkə də həqiqətən bu insan peyvənd vurulma nəticəsində həyatını itirməyib. Amma biz o dəqiqə düşünürük ki, “bəli, filankəs vaksin olunmuşdu, ondan sonra öldü. Peyvəndə görə oldu”. Düşünürəm ki, peyvənd olunmamışdan öncə xəstəxanalarda insanı təpədən-dırnağa müayinə etməli, daha sonra peyvənd vurmalıdırlar. Bu halda insan da əmin olar ki, “mənim peyvənd vurdurmaqla bağlı heç bir problemim yoxdur. Bütün orqanlarımda vəziyyət yaxşıdır. Gedim könül rahatlığı ilə vaksin olunum”. Biz onsuz da uşaqlıqda da peyvənd olmuşuq. O vaxtı məktəbdə bizə peyvənd vurulanda heç onun da tərkibini bilmirdik. Çünki, o zaman ölüm bu qədər çox deyildi. İnsanları da qorxudan ölümdür. Sentyabrın 1-dən qadağalar başlayacaq, mən də məcburən peyvənd olunacağam. Əgər qadağalar olmasa idi, açığı vurdurmaq istəmirdim. Peyvənd olunmaq məcburiyyətdir. Əgər sabah məni peyvənd olunmadığıma görə işdən azad edirlərsə, bu məcburiyyətdir. Düşünürəm ki, peyvənd koronanı yüngül şəkildə keçirmək üçündür. Bu ağır bir xəstəlikdir”.

Şəhər sakini Nərmin Nağızadə: “Qorxu, inamsızlıq, yan fəsadlar insanların vaksin vurdurmamasının səbəblərindəndir. Hətta misal göstərmək olar ki, 2009-cu ildə İsveçdə donuz qripi var idi. Peyvəndlənmə olunduqdan sonra bəzi insanlarda ağrı və fəsadlar yarandı. Buna görə də insanlar peyvənd olunmağa tərəddüdlə yanaşırdılar. Mən özüm də hələ vaksin olunmamışam. Peyvənddən qorxsam da vurdurmaq məcburiyyətindəyəm. Çünki məcburam. Əgər vurdurmasam, heç bir iaşə obyektinə və ən əsası da universitetə gedə bilməyəcəyəm”.

Şəhər sakini Pərviz Əlizadə: “Boş-boş yayılan şayələrə görə insanlar peyvənd olunmaqdan çəkinirlər. “Sonsuzluq yaradır” , “Öldürür” və.s bu kimi sözlər insanların fikirlərini çaşdırır. Hər iki dozada vaksin olunmuşam. Heç bir əks təsiri də olmayıb. Statistikaya baxsaq virusdan dünyasını dəyişənlər vaksin olunmayanlardır. Vaksin xəstəliyin ağırlaşmasının qarşısını almaqla yanaşı ən əsası ölümü yaxına buraxmır. Əgər həqiqətən də digər xəstəliyi olanlar varsa, bunun üçün də şərait yaradılıb ki, əks təsir və ya imunitet kağızını alıb həyatına davam etsin”.

Şəhər sakini Ziya Hikmətoğlu: “İnsanlar vaksin olunmaqdan həm çəkinirlər, həm də tərəddütlər yaşayırlar. Mən, vaksin olunmuşam. İnsanlara da vaksin olunmağı tövsiyyə edirəm. Vaksinasiya olan hər bir insan bilməlidir ki, xəstəlik ona vaksin olmayan insanlara nisbətən bir addım uzaq olacaq. Onu da deyim ki, ölkəmizdə vaksinasiya olunma çox sürətli və operativ davam etdirilir”.

Şəhər sakini Turqay Musayev: “Vaksinasiya virusla mübarizədə sınanmış üsuldur. Mən özüm birinci doza vaksin qəbul etmişəm. Heç bir mənfi təsirini hələ ki görməmişəm. Ümid edirəm ki, hamı vaksinasiyadan keçər. Bununla da inşallah əvvəlki normal həyatımıza qayıdarıq”.

Şəhər sakini Mirkamal Kazımzadə: “Mən hələ peyvənd olunmamışam. Səbəb qorxu deyil. Təzəlikcə burnumdan qanaxma baş verdi. Düşünürəm ki, hal-hazırdakı vəziyyətim üçün isti havalarda peyvənd olunmaq mənim üçün yaxşı olmaz. Ola bilər ki, mənim üçün əks təsiri olsun. Yoxsa peyvənd olunmağa qarşı deyiləm. Düşünürəm ki, normal həyatımıza qayıtmaq üçün bu vacibdir”.

Şəhər sakini Ülkər Xəlilli: “Müasir zamanda, xüsusilə internetlə istənilən məlumatı əldə etdiyimiz dövrdə insanların yeni bir şeyi sorğulaması normaldır. Bəzi mənbələrdə qeyd edilir ki, hər hansı bir dərman istehsal olunduqda bu 5 il sınaq müddətindən sonra satışa(istifadəyə) verilə bilər. Bu isə insanlarda daha çox şübhə doğurur”.

Şəhər sakini Fatimə Əzizli: “İnsanlar da narahatlıq yaradan bir-birlərinin arasında yayılan şaiyələrdir. Yadınızdadırsa, “Vaksin”dən öncə xəbərdarlıq edilir ki,əks təsir göstərə bilər, amma ki qorxulu heç bir fəsadı yoxdur. Mən özüm hər iki dozanı vurdurmuşam. Hətta vurdurub özümü daha gümrah hiss edirdim. Əvvəldən demişdim ki, vaksin vurduracam. Sağlamlığımı hər şeydən üstün tutduğum üçün vurdurdum. Hətta ətrafımdakı şəxslərə də məsləhət görürəm”.

Şəhər sakini Cavidə Eynullayeva: “Yenilikləri insanlar hər zaman gec qəbul edir. Vaksinasiya məsələsi də buraya daxildir. Düşünürəm ki, insanları vaksin olunmaqdan yayındıran səhiyyə sisteminə olan güvənsizlikdir. Ona görə də, onları vaksin olunmur deyə qınamaq olmaz. İşimə görə peyvənd olunmuşam. Özüm və yaxınlarım başda olmaqla hərkəsə sağlam ömür arzu edirəm”.

Ayşən Vəli

Müəllif: Ayşən Sadıxzadə

Bütün xəbərlər Facebook səhifəmizdə