"Azərbaycan vəziyyəti vaxtında dəyərləndirdi" DEPUTATDAN AÇIQLAMA

“Pandemiya elan olunandan Azərbaycan dövləti buna çox ciddi reaksiya göstərdi və koronavirusla mübarizə istiqamətində sistemli tədbirlər planı müəyyən etdi. Azərbaycan vəziyyəti vaxtında dəyərləndirdi və vəziyyətə uyğun olaraq addımlar atdı. Azərbaycan ilk dövlətlərdən idi ki, öz sərhədlərini bağladı, ölkə daxilində qabaqlayıcı tədbirləri çevik formada həyata keçirdi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Sevil Mikayılova deyib.

Onun sözlərinə görə, xüsusi karantin rejiminin tətbiqi virusun geniş yayılmasının qarşısını aldı, epidemioloji vəziyyət nəzarət altına alındı və nəticə etibarı ilə digər ölkələrlə müqayisədə daha az insanın yoluxması və ölüm halları müşahidə olundu: “Azərbaycan eyni zamanda pandemiya ilə mübarizə istiqamətində sürətli şəkildə infrastruktur yaradılmasına başladı, həm mövcud xəstəxanalar COVİD-lə mübarizəyə hazır vəziyyətə gətirildi, həm də modul tipli yeni xəstəxanalar inşa edildi. Bunun nəticəsində virusa yoluxmuş insanların vaxtında və düzgün müalicə edilməsinə şərait yaradıldı ki, bu da ölkəmizdə ölüm sayının minimuma endirilməsinə imkan verdi”.

Sevil Mikayılova sözlərinə belə davam edib: “İnsan sağlamlığının qorunması ilə yanaşı pandemiya dövründə vətəndaşlarımızın sosial müdafiəsinin dəstəklənməsi və iqtisadiyyatımızın ciddi zərər görməməsi üçün dövlət tərəfindən müvafiq sosial-iqtisadi dəstək paketləri həyata keçirildi, iş yerlərinin bağlanmaması, sahibkarlıq subyektlərinin öz fəaliyyətini dayandırmaması üçün onlara müvafiq maliyyə yardımları edildi. Görülən bu tədbirlər nəticəsində Azərbaycan pandemiyadan ən az zərər çəkən ölkələrdən birinə çevrildi”.

“Bu gün Azərbaycan pandemiya ilə mübarizədə həm geniş təcrübəyə, həm də infrastruktura malikdir. Pandemiya ilə mübarizədə ən effektiv vasitələrdən biri olan vaksinasiya prosesində də Azərbaycan çevik addımlar atdı, vaksinlərin əldə olunması üçün həm çoxtərəfli beynəlxalq COVAX platformasına qoşuldu, həm də ikitərəfli qaydada vaksin istehsal edən ölkələrlə razılaşma əldə etdi. Bunun nəticəsində Azərbaycan dünyanın aparıcı ölkələri ilə eyni vaxtda əhalinin vaksinasiya prosesinə başlamağı bacardı və artıq əhalinin xeyli hissəsi vaksin olunub və proses davam etməkdədir. Azərbaycan az sayda ölkələrdəndir ki, əhalinin vaksinlər arasında seçim etmək imkanı var. Çünki bu gün Azərbaycanda 4 istehsalçının vaksini SINOVAC (Çin), AstraZeneca/Vaxzevria (İngiltərə), Biontech/Pfizer (Almaniya/ABŞ), Sputnik V (Rusiya) tətbiq olunur. Bütün bu müsbət nəticələrə ölkəmizin vaxtında və çevik addımlar atması, sistemli tədbirlər həyata keçirməsi nəticəsində nail olunub”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə