Sevgi yoxsa, məntiq evliliyi? - SORĞU

Müşahidələr göstərir ki, son yüz ildə təhsilli və işləyən qadınların sayının artması sevib-evlənmə hallarının da artmasına səbəb olub. İndi qızların çoxu əvvəlki kimi valideynlərin razılığı,uzaqdan görüb-bəyənmə ilə ərə getmir. Əksəriyyəti sevdikləri, könül verdikləri insanla həyatını birləşdirə bilir. Doğrudur, ailə üzvləri dolayı yolla da olsa seçimə müdaxilə edir, fikir bildirir. Bu gün cəmiyyətimizdə zorla evləndirilən, hətta tanımadığı birisi ilə ailə həyatı qurmağa məcbur edilən gənclər də var. Əksər hallarda, bu hansısa vəzifəli və imkanlı bir şəxslə qohum olmaq, onun imkanlarından bəhrələnmək istəyən valideynlərin günahı ucbatından olur. Digər bir problem isə gənclərin sevgi və məntiq arasında qalmasıdır. SİA məsələ ilə bağlı şəhər sakinlərinin fikirlərini öyrənib.

Şəhər sakini Bəhram Nadirov: “Mənim fikrimcə məntiq ön planda olmalıdır. Çünki, məntiqlə verilən qərarlar düşünülərək verilən qərarlardır. Məntiqli qərarlar ailə dediyimiz qavramı daha sağlam ayaqda tutur. Düzdür sevgi önəmli faktordur amma məntiq sevgidən bir səviyyə öndədir. Həmçinin, sevgi ilə məntiqi bir arada ön plana çəkmək olar. Yəni, məntiqli sevgi deyilən bir anlayış da var”.

Şəhər sakini Aytac İbrahimxəlilova: “Münasibətdə hər iki tərəfi biri-birinə yaxınlaşdıran təbii ki, sevgidir. Ancaq, bunun daha dərinə getməsi bağlanmağa səbəb ola bilər ki, bu çox risklidir. Ona görə münasibətdə olarkən məntiqi əsas götürüb özümüzü ön planda tutmalıyıq deyə düşünürəm”.

Şəhər sakini Şəbnəm İsgəndərova: “Zənnimcə, münasibətlərdə sevgi və hörmət anlayışı ön planda olmalıdır. Lakin, sevgi hər zaman kifayət etmir. Hər şeyin bir həddi olduğu kimi sevginin də həddi olmalıdır. Həddindən çox sevgi və dəyər qarşılığında digər tərəfin özünü çox böyütməsi və ayrılıqla sonlanır. Əksər hallarda, insan öz doğru məntiqini sevgisinə uyğun formada yönəldərək etməlidir. Münasibətlərdə ön planda sevgini tuturam”.

Şəhər sakini Mirkamal Kazımzadə: “Mən məntiq insanıyam. Məncə hər şeydən öncə məntiqdir. Doğrudur, sevgi də lazımdır. Amma məntiqsiz hərəkət etmək də yalnışdır. 60 faiz məntiq, 40 faiz sevgi olsa daha yaxşı olar”.

Şəhər sakini Aytən Məmmədli: “İndiki zəmanədə məntiq daha vacibdir. Çünki, sevgi bəzən insanı yanıldır. Sevgidən daha vacibi qarşılıqlı hörmət, diqqət və qayğıdır”.

Şəhər sakini Xanım Cəfərquliyeva: “Məhəbbət ali bir hissdir, deyə düşünürəm. Hər bir kəs müəyyən yaşdan sonra həyatında ola biləcək birini, yarını axtarır. Məhəbbətdə ön planda sevgi olmalıdır. Çünki, sağlam bir ailə həyatı qurmaq istəyirsənsə bunu sevərək etməlisən. Belə daha uzun ömürlü olur. Bəzən insanlar işinə, puluna görə məntiqlə bu cür ailə həyatı qururlar. Amma istər iş, istər pul olsun daimi olmaya bilər. Sevgi amma həmişə var. Ona görə də sevgiylə yaşayıb,sevgiylə ailə həyatı qurmaq lazımdır”.

Şəhər sakini Qönçə Quliyeva: “Sevgi öncəliklə olmalıdır. Lakin, sevdiyin insanla ailə həyatı qurmaq istəyirsənsə, bu hansısa məntiqə söykənməlidir. Yəni, sevmək hər şeyi həll etmir. Əgər ailə qurduğun şəxslə davamlı bir münasibət istəyirsənsə müəyyən mənada məntiq olmalıdır”.

Şəhər sakini Qasım Məmmədli: “Cavab insandan-insana dəyişir. Məncə, sevən adam məntiq axtarmır. Sadəcə, sevir. Həm də insanın hissləri dünyada olan bütün məhfumlardan üstündür. Sevgi də elə bir hissdir ki, gələndə icazə istəmir. Sevməkdən qorxmaq yox onunla yola getmək lazımdır”.

Şəhər sakini Nərmin Nağızadə: “Hər bir insan müəyyən yaş dövrünə çatdıqdan sonra öz yarını axtarır və onunla həyatını birləşdirmək istəyir. Mənim fikrimcə münasibətdə sevgi ön planda olmalıdır. Çünki, sevmək də iki olub sonradan bir olmaqdır. İki bədən, iki ürək, iki qəlb yoxdur sevgidə. Tək bir ürək, tək bir qəlb vardır sevgidə. Lakin, elə insanlar var ki sevgidə məntiqə önəm verir. Ailə həyatı qurarkən "məntiq evliliyi" edirlər. Status mənasında da öz həyat tərzinə yaxın olan insanlarla, məntiq evliliyi üçün seçim edirlər. Məsələn, gözəlliyə, var-dövlətə görə evlənənlər var ki, bu heç də doğru seçim deyil. Məsələn, ən gözəl xanımla (bəylə) ailə qurdun, iki gündən sonra onun gözəlliyi yox, davranışı sənə daha çox təsir göstərəcək. Müəyyən məntiqi yanaşma da olmalıdır”.

Şəhər sakini Gülnar Əliyeva: “Sevgi ilk baxışda olur. Burada nə plan, nə də məntiq olur. Sevgi düşünülmüş, planlanmış bir şey deyil. Onu düşünərək anlamaq imkansızdır. Bu ancaq sevgini yaşamaqla mümkün olacaq şeydir”.

Şəhər sakini Şəbnəm Mədətova: “Məncə bu insanın olduğu yaşdan da çox asılıdır. Çünki, yaş artdıqca insan münasibətində də məntiqə daha çox önəm verir. Çox gənc yaşlarda isə insan məntiqlə düşünə bilmir və sevgini seçir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...