Estetik əməliyyat etmək niyə maraqlıdır? - KOMPLEKS, YOXSA DƏB - DİN XADİMİ DANIŞDI

“Ümumiyyətlə, dində istər estetik, istər plastik kimi əməliyyatlarla bağlı zərurət müqabilində addım atıla bilər. Bəzən insanda qeyri-adi görünüşdə elə bir hallar olur ki, o cəmiyyətdə qınaq yaradır. Məsələn, burnunda və ya qaşında, hər hansı bir bədənin görünən üzvlərində, əlində, ayağında elə bir hallar ola bilər ki, o cəmiyyətdə qınağa səbəb olsun. Yəni, adətən, ona el arasında komplekslər deyilir”. Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev deyib.

Onun sözlərinə görə, əgər elə hallar insan üçün xəcalət yaradırsa, utanc gətirirsə və bədənə, orqanizmə ziyanı, təhlükəsi yoxdursa bu əməliyyatı etdirmək olar: “Amma bəzi din alimləri bu məsələyə belə yanaşırlar ki, insanı yaradan Allahdır və ona bədən üzvlərini verib. Bu əməliyyatlar onlarda maksimal səviyyədə dəyişiklik yaratmasa yaxşıdır. Çünki insan vücudunun rəssamı Allahdır. Onun yaratdığına insanın iradı, müdaxiləsi olmasa yaxşıdır”.

Fuad Nurullayev sözlərinə belə davam edib: “Əgər tibbi mütəxəssis deyirsə, can üçün, bədən üçün, orqanizm üçün təhlükəsi yoxdur və bu addımı atmaq olar və bu insan ictimai qınaqdan uzaq olacaq, kompleksləri aradan götürüləcək, könüllü surətdə istəsə belə bir addım ata bilər. Dində buna qadağa yoxdur. Dinimiz buna heç bir qadağa qoymur. Amma həyat üçün təhlükəsi var və bu risklərə gedilməməlidir. Əgər birdən təhlükə yaranarsa onda insan günahkar olacaq”.

“Biz həyatda belə hadisələri görmüşük. Müəyyən insanlar estetik, plastik əməliyyatlara gediblər və hətta həyatlarını belə itiriblər. Ona görə də insan yüz ölçüb bir biçməlidir. Bu məsələdə birbaşa addım atmaq olmaz. Çox ehtiyatlı olmaq lazımdır. Amma dinimizdə bunun üçün qəti qadağalar yoxdur”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...