"Qurban bayramı ciddi sosial əhəmiyyət kəsb edir" - DİN XADİMİ AÇIQLADI

“Qurban sözünün mənası yaxınlıq, Allaha yaxınlıq deməkdir. Bu söz həm Qurani-Kərimdə, həm də Peyğəmbərin hədislərində öz əksini tapıb”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan İlahiyyat İnustutunun müəllimi, din xadimi Hacı İbrahim Quliyev deyib.

Onun sözlərinə görə, Qurani-Kərimdə bir ayə var: “Uca Allah buyurur ki, qurbanlıq heyvanların nə ətləri, nə də qanları Allaha çatmaz. Amma bu bizim faydamız, xeyrimiz üçündür. Bu ayə onu göstərir ki, həm qurban bizi Allaha yaxınlaşdırır, həm də qurban ciddi sosial əhəmiyyət kəsb edir. Çünki Qurban bayramında insanlar qurbanlıq kəsərək qonşulara, kasıblara, yetimlərə paylamaqla müəyyən mənada sosial bərabərliyi təmin etmiş olurlar”.

Hacı İbrahim Quliyev sözlərinə davam edərək həmçinin onu qeyd edib ki, Qurban bayramı Zilhiccə ayının 10-da qeyd edilir: “Zilhiccə ayının 10, 11 və 12-ci günləri Qurban bayramıdır. Qeyd etdiyim kimi Qurban bayramı sosial əhəmiyyət kəsb edir. Yəni bayram olduğu üçün insanlar kütləvi şəkildə bir-biriləri bayramlaşırlar, təbrik edirlər. Qohum-əqraba bir-birini ziyarət edir, küsülülər barışır. Ümumiyyətlə bütün müsəlman dünyasında iki mühüm bayram – Ramazan bayramı və Qurban bayramı qeyd edilir. Ramazan bayramında olduğu kimi Qurban bayramında da insanlar kütləvi şəkildə ibadət edirlər, bayram namazlarını qılırlar, qurbanlıqlarını kəsirlər. Ölkəmizdə də müstəqillik əldə etdikdən sonra Ramazan bayramı və Qurban bayramı rəsmi dövlət səviyyəsində qeyd edilən bayrama çevrilmişdir”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə