Toy və şənliklərin keçirilməsi ilə bağlı hansı sənəd olacaq? - SOSİOLOQ DANIŞDI

“Azərbaycan xalqının milli toy törənləri ayrılıqda bütöv bir etnoqrafiq hadisə olsa da, öz növbəsində toy şənliklərimiz həm də xalqımızın çox əsrlik və zəngin etnoqrafik dəyərlərinin böyük bir hissəsini özündə birləşdirir. Məsələn, rəngarəng və çoxçeşidli milli kulinariyamız, özünəməxsus süfrə mədəniyyətimiz, al-əlvan milli rəqs sənətimiz, kökü ən əski tariximizə gedib çatan xeyir-dua vermək ənənəmiz və s. bu kimi parametrlər milli toy şənliklərimizin həm sosial, həm də mənəvi baxımdan böyük əhəmiyyət daşıdığını təsdiq edir”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Asif Bayramov deyib.

Onun sözlərinə görə, təəssüflər olsun ki, qərb dünyasından liberal dəyərlər adı altında məqsədli və planlı olaraq cəmiyyətimizə ötürülən bəzi şüur formaları, vərdişlər ailə institutu və fundamental dəyərlərimizə çat salmaqda, onu tədricən aşındırmaqdadır: “Təbii ki, koronavirus şəraitində ölkəmizdə də müəyyən ənənəvi törənlərin keçirilməsinə qoyulan məhdudiyyətlərə anlayışla yanaşmalıyıq. Bu, cəmiyyətin hər bir üzvünün fiziki sağlamlığına yönəlmiş bir addımdır. Lakin, koronavirus pandemiyası ilə bağlı yaradılmış Nazirlər Kabineti yanında Operativ Qərargah cəmiyyətimiz içərisində günümüzədək müsbət imic qazana bilməyib. Onların verdiyi qərarlar xalq arasında tez-tez ciddi tənqidə məruz qalıb. Bu reallıqdan yanaşaraq, hazırda toy şənliklərinin keçirilməsi qaydaları ilə bağlı Operativ Qərargah tərəfindən məntiqli qərar veriləcəyini düşünmürəm”.

Sosioloq sözlərinə belə davam edib: “Digər tərəfdən Operativ Qərargah virusun kütləvi şəkildə yayılmaması baxımından toyların keçirilməsi rejmini müəyyən edə bilər. Toyların digər parametrlərinə toxunmaq isə onun səlahiyyətlərinə daxil deyil. Bu səbəbdən hesab edirəm ki, toy şənliklərimizdə mövcud milli elementləri saxlamaq, onun nisbət payını daha da artırmaq və gücləndirmək üçün məsuliyyət yükü əsasən ictimaiyyətin üzərinə düşür. Çünki Azərbaycan xalqının milli kulinariyası nə qədər zəngin olsa da, onun süfrə mədəniyyətində israfçılıq anlayışı yoxdur. Halbuki, müasir toylarımızda israfçılıq baş alıb gedir. Xalqımızın milli rəqs sənətinin elemenləri isə həm texniki, həm də mənəvi sosial məzmun baxımından o qədər əlvan və çoxçeşidlidir ki, biz bugünədək onları hələ də sonacan toplaya bilməmişik”.

“Yeni ailə quran gənclərə xeyir-dua vermək ənənəmizə gəlincə isə bu həm forma, həm də məzmun baxımından unikaldır. Biz ilk növbədə toy şənliklərimizin milli simasını qorumalı və onu özünə qaytarmalıyıq. Düşünürəm ki, bu məsələnin həlli üçün müvafiq mütəxəssislərdən, ekspertlərdən ibarət bir işçi qrupu yaradılmalı, toy şənliklərimizin keçirilməsinin milli modeli işlənib hazırlanmalıdır. Əks halda, ailə qurmaq, evlənmək kimi müqəddəs ənənəmizin fundamental daşıyıcısı olan toy törənlərinin simasında itirə biləcəyimiz unikal dəyərlərimiz sabah üçün uçuruma yol açacaq. Atalar demiş, “zərərin yarısından qayıtmaq da xeyirdəndir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə