Qurbanlıqda hansı yalnışlıqlara yol vermək olmaz? - DİN XADİMİ AÇIQLADI

"Qurban bir ibadət ayinidir. Bu İlahi ayinin icrasında yanlış və xurafi əməllərə yol vermək olmaz. Əfsuslar olsun ki, həm qurbanlıq heyvanlarını satanlar, həm də qurban almaq istəyən şəxslər bilə-bilə və ya bilmədən bəzi səhvlərə düçar olurlar". Bu sözləri SİA-ya açıqlamasında din xadimi Hacı İbrahim Quliyev deyib.

Onun sözlərinə görə, satıcıların bir qismi heyvanların Qurban bayramı ərəfəsində kütləvi şəkildə satılmasını fürsət bilərək süni qiymət artımı edir: "Bəziləri isə yaşlı və xəstə heyvanları qurbanlıq üçün satırlar. Bununla yanaşı, bəzi kütləvi qurban kəsilən yerlərdə kəsilən heyvanlara əziyyət verilir, saatlarla heyvan ac-susuz, bağlı vəziyyətdə saxlanılır, heyvan kəsildikdən sonra canı çıxmamış dərisi soyulur, heyvanlar müəyyən olunmuş yerlərdə deyil, bəzən küçə və prospektlərdə, insanların gözləri önündə kəsilir".

İbrahim Quliyev sözlərinə belə davam edib: "Qurban kəsən şəxslərin etdikləri yanlış əməllərdən isə bəzən qüsurlu heyvanı kəsmələri, heyvan kəsildikdən sonra onun ətini lazımi yerlərə paylamamaları, kəsilən heyvanın qanını ailə üzvlərinin və yaxud da Qurbanlıq mərasiminə toplaşanların alınlarına yaxılmasını qeyd etmək olar. Deməli, Qurban ayini islamın müəyyən etdiyi şərtlər çərçivəsində olmalıdır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə