"Delta ştammı" ilə bağlı xəstələrin sayında artım var - QAPANMALAR OLACAQ? - KOMİTƏ ÜZVLƏRİ AÇIQLADI

"Ümumdünya Səhiyyə Təşkilatının son xatırlatması dünyada pandemiya ilə əlaqədar xüsusən də “Delta ştammı”nın geniş yayılması ilə bağlı idi". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyib.

Onun sözlərinə görə, “Delta ştammı” xüsusən də intensiv şəkildə yoluxma sayının artmasına və səhiyyə sisteminin üzərinə düşən yükün ağırlaşmasına gətirib çıxarda bilir: “Bu baxımdan Ümumdünya Səhiyyə Təşkilatının bu xəbərdarlığı diqqətəlayiq xəbərdarlıqdır. Digər qonşu dövlətlərdə günü-gündən ştammın yayılması və insanların yoluxma sayının artması bu məsələni diqqətə almağımızı vacib edir”.

Mövzu ilə bağlı Milli məclisin Səhiyyə komitəsinin üzvü Kamilə Əliyeva fikir bildirib: “Son zamanlar koronavirusun yeni mutant ştamları yaranmaqdadır. Artıq təəssüflər olsun ki, Azərbaycanda da bu mutant formlara rast gəlinməkdədir. Düşünürəm ki, “Delta ştammı” ən təhlükəli formasıdır. Çünki bu forma tez yayılma sürətinə malikdir və daha yoluxucudur. Hətta 9-10 yaş arası uşaqlarda daha çox təsadüf olunur. Ona görə də, bu ştamların qarşısının alınması üçün biz yenə də ilk növbədə peyvəndlənmə prosesini sürətləndirməliyik. İlk növbədə insanlarımız bu sahədə daha çox maariflənməlidirlər, peyvənd olunmalıdırlar və Operativ Qərargahın qaydalarına ciddi əməl etməlidirlər”.

Kamilə Əliyeva həmçinin qeyd edib ki, bu virus hələ də işini görməkdədir: “Nəinki Azərbaycan, bütün dünya bu virusdan hələ də canını qurtara bilməyib. Ona görə də, hər birimiz ehtiyatı əldən verməməliyik. Bu qaydalara riayət olunmasa, insanlar gigiyenik qaydalara riayət etməsə, xüsusilə də ara məsafəsi saxlanmasa əlbəttə ki, yenidən qapanmalara gedilə bilər. Ona görə də son zamanlar bilirsiniz ki, bir sıra yumşalmalara gedilib. Bu da onunla əlaqədar idi ki, respublikada göstəricilər çox yaxşı idi. Gün ərzində yoluxanların sayı aşağı düşmüşdü. Sağalanların sayı isə yoluxanların sayını dəfələrlə üstəliyirdi. Amma yenə də son günlərin statistikasına baxsaq, yenə də müəyyən yoluxanların sayında artma gedir. Bütün bunları nəzərə alsaq, istənilən an yoluxanların sayı arta bilər və vəziyyət yenidən gərginləşə bilər. Bununla da bir sıra qapanmalara gedilə bilər. Bu istisna deyil. Amma Yenə də Azərbaycanda vəziyyət kontrol altındadır. Dövlət tərəfindən bütün şərait yaradılıb. Operativ Qərargah insanları hər gün məlumatlandırır. Ona görə də, peyvəndlənmə faizi artmalıdır, gigiyenik qaydalara, sosial məsafəyə riayət olunmalıdır”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə