"Bizim elə qızlarımız var ki, yüz oğlana dəyər" - PAYTAXT SAKİNLƏRİ - SORĞU

Bildiyimiz kimi əvvəllər güc strukturlarında çalışan xanımların sayı az olsa da, günümüzdə bu sayda xeyli irəliləyiş var. Bəs, xanımların güc strukturlarında çalışması düzgündür? Onlar bu işin öhdəsindən layiqincə gələ bilirlər? Bu işlər yalnız kişi işidir? Bütün bu sualların cavabını aydınlaşdırmaq və şəhər sakinlərinin fikrini öyrənmək üçün SİA olaraq sorğu təşkil etdik:

Şəhər sakini Sübhan Mustafayev: “Mənə elə gəlir ki, tarixboyu daha çox kişilər güc strukturlarında vəzifədə olub. Bu səbəbdən indi qadınların belə işdə çalışması cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Əslində, qadınlar da kişilər kimi güc strukturlarında çalışa bilər. Bu çox normaldır. Çünki, bəzən olur ki, qadınlar hər hansı məsələyə başqa mövqedən yanaşır. Yəni, kişi ilə qadının məsələyə yanaşma mövqeyi fərqli ola bilər. Bu da məsələnin həllini daha da asanlaşdırır”.

Şəhər sakini Bayraməli Əliyev: “Bu qadın kişi bərabərliyindən yaranan sualdır. İnsan elə bir yaradılışa sahibdir ki, nə kişi qadına bərabərdir, nə də qadın kişiyə. Düşünürəm ki, ədalət məsələsində qadınla kişiyə eyni bərabərlikdə ədalət göstərilməlidir. Nə kişi qadından üstündür, nə də qadın kişidən. Biz bunu anlamırıq deyə, deyirik ki, qadınla kişi bərabərdir. Düşünürəm ki, kişi işlərində qadının işləməsi zəruri deyil. Buna ehtiyyac da yoxdur. Amma bəzən qadınların güc strukturlarında işləməsi yaxşıdır. Çünki, elə bir toplumda yaşayırıq ki, artıq qadın cinayətkarların sayı da kifayət qədərdir. Həmin, qadın cinayətkarlarla da qadınların maraqlanmağı daha uyğun olardı. Düşünürəm ki, güc strukturlarında çalışmaq kişi işidir. Bu işləri kişilər daha yaxşı idarə edir”.

Şəhər sakini Emiliya İsmayılova: “Düşünürəm ki, qadınların güc strukturlarında çalışması çox düzgündür. Bu həm də dövlətimiz üçün çox yaxşıdır. Məncə, kişilərlə bərabər qadınlar da çalışıb dövlətimizə xidmət etməlidir”.

Şəhər sakini Həmidə Abbasova: “Mən özümdə o potensialı görmürəm. Əgər, bir xanım özündə o potensialı görürsə, niyə də yox?! Bizim qadınlar hər sferada işləyərək özlərini sınayıb uğur əldə edə bilərlər. Yenə də, bu işlər qadının təbiətindən asılıdır. Qadın özündə o gücü görürsə çalışması çox normaldır”.

Şəhər sakini Leyla Musayeva: “Qadınlar kişilərdən daha səbrli və təmkinlidirlər. Bəzən güc strukturlarında çalışan kişilərdə kobudluq olur. Qadınlarda isə kobudluq minimum dərəcədədir. Bir çox ölkənin müdafiə naziri qadınlardır. Düşünürəm ki, bu bizdə də nə vaxtsa ola bilər. Mənim 23 yaşlı qızım var və onun da güc strukturlarında çalışmasına çox normal baxardım. Əgər istəsə ona dəstək olaram”.

Şəhər sakini Fərid Abdullayev: “Qadınların nəinki polisdə və hərbidə hər hansı bir işdə çalışmağı normaldır. Hər bir vətəndaş kimi bu onların öz seçimi və haqqıdır. İnsan cinsindən asılı olmadan istədiyi işdə çalışa bilər. Güc strukturları yalnız kişilərə aid iş deyil”.

Şəhər sakini Kəmalə Nəsibova: “Mən düşünürəm ki, xanımların seçim hüququ var və bu halda onların güc strukturlarında çalışması normaldır. Bu sahədə çalışan kifayət qədər uğurlu qadınlarımız var. Bunlar yalnız kişi işi deyil. Azərbaycanda bir nəfər belə olsa pilot xanım da var. Ağır işlər olsa da, qadınlar da bu işlərin öhdəsindən məsuliyyətlə gəlirlər”.

Şəhər sakini Gülarə Böyükbarmaqsız : “Bizim elə qızlarımız var ki, yüz oğlana dəyər. Düşünürəm ki, qızların polisdə, hərbidə çalışmasına normal baxsınlar. Bu çox gözəl olardı. Mənim tək qızım var. O da güc strukturlarında çalışmağı çox istəyirdi. Hal-hazırda musiqiçidir. O, kişi kimi qızdır”.

Şəhər sakini Lalə Mərdanova: “Bu məsələyə çox müsbət baxıram. Hesab edirəm ki, ali təhsilli xanımların hərbidə, polisdə, aviasiya kimi sistemlərdə çalışması çox məqsədəuyğundur. Cəmiyyətin və gələcək nəsillərin inkişafında belə xanımların çox müsbət təsiri ola bilər. Mən özüm də ailə üzvlərimdən olan xanımların bu işlərdə çalışmasını istəyərdim”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə