Qurban kəsənlərin bu qaydalara riayət etməsi - MÜTLƏQDİR - DİN XADİMİ DETALLARA TOXUNDU

“Qurbanlıqla bağlı xüsusi şərtlər var ki, insanlar buna mütləq riayət etməlidir. Birincisi odur ki, qurbanlıq hansı heyvanlardan kəsilə bilər? Qurbanlıq minimum xırdabuynuzlu heyvanlardan başlayır və ondan yuxarı iribuynuzlu heyvanlardan dana, öküz olar. Bütün bunlardan yuxarı isə dəvə kəsmək olar. Həmçinin, keçi kəsilməsi də məqbul sayılır. Amma bunlardan qeyri heyvanların qurbanlıq kəsilməsi şəriətimizdə yoxdur”. Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.

Onun sözlərinə görə, bəzən insanlar qurbanlıqda xoruz kəsmək istəyir: “Yəni, insan qəlbi ilə razılaşa bilmir. İstəyir ki, heç olmasa xoruz belə olsa onu qurbanlıq kimi kəssin. Amma şəriət və din baxımından minimum heyvan olaraq qoç kəsilməlidir”.

“Digər maraqlı məqam isə erkək yoxsa dişi heyvanın kəsilməsi məsələsidir. Əslində, dişi heyvan da kəsilə bilər. Amma ən yaxşısı erkək heyvan kəsməkdir. Ondan yuxarı isə dana, öküz və dəvə kəsilməsi bəyənilir. Kəsilən heyvanların yaş həddinə də diqqət edilməlidir. Qoyun, keçi kəsən zaman onların yaş həddi 8 ayı ötsə yaxşıdır. Bir illik olsa isə daha gözəl olar. Dananın və digər iribuynuzlu heyvanın bir ili, yəni bir yaşı mütləq tamam olmalıdır. Dəvə də 5 illik olsa münasibdir”.

Hacı Fuad Nurullayev sözlərinə belə davam edib: “Qurban üç hissəyə bölünür. Məsələn, 15 kiloluq bir qoç kəsilibsə onun 5 kilosunu ailəsinə sərf edə, 10 kilonun 5 kilosunu isə yaxın qoyum-əqrabasında olan yoxsullara paylaya, yerdə qalan 5 kilosunu isə qohum əqrabası olmayan yoxsul yad insanlara versə daha gözəl olar”.

“Qurbanlıq sübh açılandan sonra, yəni günəşin çıxması duyulandan kəsilsə yaxşıdır. Axşama qədər kəsilə bilər. Gecə qurban kəsilməsi bəyənilmir. Qurban günü daxil olduqdan sonra qurban kəsilməlidir. Ümumilikdə isə qurbanın 3 gün ərzində kəsilməsinə icazə verilir. Bu qaydalara mütləq riayət edilməlidir”.

“Həmçinin bu bayramda hər kəs özünün ağsaqqal və ağbirçəyini ziyarət etməlidir. Bəzi insanlar qəbirüstə ziyarətə çıxır. Həmçinin bu paylaşım Ramazan bayramında da olur. Qurbanlıqda mütləq heyvan kəsilib ət şəklində paylanılmalıdır. Qurbanlığı pulla filan əvəz etmək olmaz”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə