"Qurbanı kəsmək üçün bəhanə axtarın" - MÜSAHİBƏ

SİA ilahiyyatcı və araşdırmacı Neymət Lətifoğlunun müsahibəsini təqdim edir.

- Qurban bayramının keçirilməsinin əsas səbəbi nədir?

- Qurban sözünün mənası yaxınlaşmaq deməkdir. İslami termin olaraq "Qurban" kəlməsi Allaha yaxınlaşmaq mənasındadır. Ona görə Qurani Kərimdə Rəbbimiz buyurur ki, kəsdiyiniz qurbanların nə ətləri, nə qanları Allaha çatmaz, sadəcə, sizin təqvanız Allaha çatar. Yəni biz qurban kəsməklə və müsbət əməllərimizlə Allaha yaxınlaşırıq. Qurbanın fəlsəfəsi dedikdə ilk növbədə buna diqqət edilməlidir. Qurbanı ət bayramı olaraq görmək düzgün deyil. Qurban kəsən insanlar ət üçün deyil, sırf Allahdan qarşılığını almaq üçün kəsərlərsə, o zaman həqiqi mənada Allaha ibadət etmiş olarlar. Çünki Qurbanın ilkin fəlsəfəsi Allah rızası üçün kəsilməsidir. Təbii ki şəriət qaydaları var. Məsələn hər kəsə vacib deyil. Lakin imkanı olan hər kəs Qurban kəsməlidir. Qonşular və tanışlar görsün və ya soyuducuda ət olsun diyə qurban kəsilməz. İlk qurbanın Həzrəti İbrahim oğlu İsmayıl olduğu bilinir. Əslində ilk qurbanlıq Adəmin övladları Qabil və Habillə başlanır. Allah Təala hər biriniz qurban təqdim edin, hansınızın qurbanı qəbul olarsa, o zaman onun duası, istəyi qəbul olacaq. İlk qurbanı Adəm əleyhissəlamın övladı Habil Allaha ən gözəl heyvanı qurban etdiyinə görə onun qurbanı qəbul olmuşdur. Həzrəti İbrahim oğlu İsmayılı Allaha qurban vermək üçün götürüb. Allah bıcağın kəsməyinə icazə vermir və qara rəngdə qoç göndərir.

- Həcc ziyarəti zamanı Qurban kəsilməsinin səbəbi nədir?

- Allahın əmr etdiyi qurbanı Həcc ziyarətində kəsmək ibadətdir. Həccdə olan müsəlmanlar üçün vacib əməllərin birindəndir. Çünki orada mənim qurban alacaq imkanım yoxdur demək ixtiyarında deyilik.

- Kimlər qurban kəsməlidir və ya kimlər kəsməyə bilər?

- İbadəti etmək üçün bəhanə axtaraq. Etməmək üçün deyil. Yəni ki, Qurbanı kəsmək üçün bəhanə axtaraq. Şəriətə görə 81 qram qızılı olan şəxs Qurban kəsə bilər. Lakin müasir dövrümüzə baxsaq, şəxsin əlində 2 min qiymətində telefon var və ya maşın sürür. Belə insanların "imkanım yoxdur" deyə bəhanə etməsi düzgün deyil. Borcum var qurban kəsə bilərəmmi? Bu sual mənə çox ünvanlanır. Əgər borc böyük miqdarda deyilsə və ya borcunu mərhələ şəklində ödəyə bilərsənsə qurban kəsilməlidir. Qurban alarkən Allaha təqdim olunacağını düşünək.

- Qurban kəsərkən nələrə diqqət edilməlidir?

- İlk öncə heyvanın ən gözəli alınmalıdır. El arasında necə deyərlər “kələ-külə” olmayacaq. Bu gün cəmiyyətimizin böyük təbəqəsinin xəbərdar olmadığı mövzu yaş mövzusudur. Davarlar, yəni qoyun və keçi bir nəfər üçün kəsilər. 5 nəfər şərik olub qoyun və ya keçi kəsə bilməz. Heyvan mütləq 1 yaşını doldurmalıdır. Erkək olması daha məqbuldur. Dişi olması da maneə deyil. Lakin böyük baş heyvanlar 2 yaşını doldurduqdan sonra kəsilə bilər. Böyük baş heyvanlar 7 nəfərə qədər şərik ola bilər. Sağlam heyvan kəsilməlidir və pay verilən ət keyfiyyətli olmalıdır.

- Qurban kəsməyən insanlar qurban üçün xərcləyəcəyi pulu kimlərəsə verməyi düzgündürmü və ya qurbanı əvəz edə bilərmi?

- Bu tamamilə yalnış düşüncədir. Ona görə ki, zahirən yaxşılıq edirmiş kimi davranış görsənir. Keçən il din xadimlərinin biri belə bir fikir səsləndirmişdi ki, qurbanlarınızın pulunu şəhid ailələrinə verməniz daha doğrudur. Bu artıq ibadət deyil. Şəhid ailələri başımızın tacıdır. Lakin qurban ayrı bir ibadətdir. Belə bir bənzətmə edək. Məsələn, namazı qılmır, lakin yaxşılıq edir. “Qurban kəsildikdən sonra ətlərini şəhid ailələrinə çatdırın” ifadəsi daha düzgündür. Lakin qurban pulunun digərlərinə verilməsi ibadəti tərk etmək deməkdir.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə