Elman Nəsirli: "Amerikalıların xarici siyasəti belədir, onlar zəifdən başlayıb güclüyə dərs verirlər"
Politoloq Elman Nəsirlinin SİA-ya müsahibəsi
- Bir politoloq kimi ərəb ölkələrində baş verən hadisələri neçə şərh edərdiniz?- Ümumiyyətlə, ərəb ölkələrində baş verən hadisələri izlədikcə mənim ağlıma gələn ilk fikir ondan ibarətdir ki, yadınızdadırsa, ata Buşun vaxtında Böyük Yaxın Şərq planı var idi ki, həmin planın əsas mahiyyət etibarilə o zaman regionda ən zəif ölkə olan İraqın tezliklə regiondan götürüldükdən sonra liberal dəyərləri olan bir adamın hakimiyyətə gəlməsi və ondan sonra dominant effekt yaradılması məqsədi daşıyırdı. Belə ki, bu İraq modeli bütün Fars körfəzi və bütün ərəb dünyasında tətbiq edilir. Lakin plan amerikalıların dediyi kimi alınmadı. Bu gün Obama administrasiyası fəaliyyət göstərir. Amerikanın xarici siyasətinə iki partiyalı xarici siyasət deyirlər. Belə ki, onlarda siyasət dəyişmir, dəyişən taktikadır. Güc ilə İraq modeli baş tutmadığı məlum olduqdan sonra belə bir qərara gəlindi ki, xarici təzyiqdən deyil, xarici gücdən istifadə etməklə eyni strateji məqsədə nail olunsun. Belə vəziyyətlərdə hər zaman regionda zəif olan seçilir.
Məsələn, Fars körfəzi regionunda neft kralları olan ərəb dövlətləri İran, İraq var idi. Digər neft kralları onların müttəfiqləri olduğuna görə seçim İranla İraq arasında qalır. Ən güclüsü İran olduğuna görə, ondan başlamaq olmazdı. Amerikalıların xarici siyasəti də belədir ki, onlar zəifdən başlayıb güclüyə dərs verirlər. İndi də regionu dəyişmək istədikdə ən zəif olan Tunis idi ki, ilk növbədə hadisələr oradan başladı. Onun arxasınca da Misirdə oldu. Bu arada belə bir nəticəyə gəlmək olar ki, bu inqilabları həyata keçirərkən bu məqsədə əsaslanılıb. Birinci sosial ziddiyyətlər fonundadır ki, bu Misir və Tunisdə özünü göstərdi. İkincisi isə siyasi əsaslar fonunda baş verir. Harada ki, sosial problemlər çoxdur, orada hadisələr məhz bu sahə əsasında reallaşır, harada ki, bu tip problemlər yoxdur, o ölkələrdə daha çox demokratiya ilə bağlı problemlər mövcuddur.
- Necə düşünürsünüz, Liviyada baş verən hadisələri hansı fona daxil etmək olar?
- Liviyada baş verənlərdə özünəməxsusluq var. Mən desəm ki, orada sırf sosial problemlər üzündən bu hadisə baş verib, bu düzgün olmazdır. Siz təsəvvür edin ki, Liviyada 2008-ci ilin statistik rəqəmləri onu göstərir ki, ölkənin ümumi daxili məhsulu təxminən 89 milyard təşkil edir. Hər doğulan uşağa görə Liviyada valideynə 5 min avro pul verilir.
Təsəvvür edin ki, bu ölkənin 6-6.5 milyon əhalisi, 1 milyon 660 min kvadrat kilometr ərazisi var. Nəticə etibarı ilə sosial vəziyyət Liviyada daha yaxşı olduğuna görə, orada baş verənlərin siyasi zəmində baş verdiyini deyə bilərik. Liviya lideri Müəmmar Qəddafinin 42 il hakimiyyətdə olması, qonşuları ilə münasibətlərinin pis olması hadisələrə səbəb olan amillərdəndir.
Lakin bütövlükdə Liviyada baş verənlərə əsas səbəb kimi neft faktorunu göstərməliyik. Bilirik ki, Liviya dünyada neft ehtiyatlarına görə 8-10-cu yerdə olan dövlətdir. Kəşf olunan neft ehtiyatları 42 milyard bareldir. Təxminən onun 700-800 milyard ton neft ehtiyatı var. Lakin Müəmmar Qəddafinin hazırladığı qanunvericilik sənədində göstərilir ki, Liviya höküməti xarici şirkətlərlə birgə bağladığı neft layihələrindən əldə etdiyi gəlirin 20 faizindən çoxunu xarici şirkətlərə verə bilməz. Yəni xarici şirkətlər Liviya neftində iştirak edib, qaz ala bilsəsələr də bu 20 faizdən çox ola bilməz.
Fransanın "Total" neft şirkətinin Liviyadakı nümayəndəsi söyləmişdir ki, Liviya nəhəng 7 ölkədən biri olsa da onu digərlərindən bir fərqi var ki, bütün neft ölkələrində yataqların harada və nə qədər olması ilə bağlı məlumatın olmasına baxmayaraq sözügedən ölkədə elə yataqlar var ki, onların axtarışı aparılmayıb. Bu da o deməkdir ki, Liviyanın daha geniş potensialı var. Qərb mətbuatı belə yazır ki, əgər Müəmmər Qədafi kilsə kəsəyəni olsaydı, onunla heç kimin işi olmazdı. Bu da o deməkdir ki, Liviya kasıb, Qəddafi isə kasıb ölkənin başçısı olsaydı onun başına bu iş gəlməzdi. Məhz Liviyada baş verən hadisələr onun 42 illik hakimiyyəti, diktatorluğu, həmçinin də böyük bir sərvətə malik olması ucbatından baş verib.
- Fransanın bu hadisələrdə aktivliyi nəyə hesablanır?
- Liviyada baş verən hadisələrdə Fransanın roluna gəldikdə isə mənə elə gəlir ki, bu 2012-ci ildə Fransada keçiriləcək prezident seçkiləri ilə bağlıdır. Hansı ki, həmin il ABŞ-da, Rusiyada da prezident seçkiləri keçiriləcək. Hazırda Fransada prezident Nikola Sarkozyenin nüfuzu aşağı səviyyədədir. O öz rəqiblərindən geri qalır. Belə bir vəziyyətdə Sarkoziyə qalibiyyətli və riski olmayan bir müharibə lazımıdır ki, nüfuz qazansın. Bir də ki, Qəddafi Fransanın "Total" neft şirkətini elan edilən müsabiqədən kənardan qoyub. Bu da Fransanın narazılığına səbəb olub. Bundan əlavə, Qəddafinin ən yaxın olan adamlarından biri ötən il Fransaya qaçdı və Qəddafi onu 7 milyon pul mənimsəməkdə ittiham edərək, Fransadan onu geri istədi. Lakin nəticədə Fransa prezidentinin tapşırığı ilə o həbsdən azad edildi. Və ona siyasi sığınacaq verildi.
- Ərəb ölkələrində baş verən hadisələrin Rusiyanın baş nazir Vladimir Putin tərəfindən Səlib yürüşü adlandırılmasına Qərbin münasibəti nə dərəcədə doğrudur?
- Bilirik ki, 2012-ci ildə Rusiyada prezident seçkiləri keçiriləcək. Qərbdə də belə bir fikir var ki, Dmitri Medvedyevi hakimiyyətə gətirən Putindir. Hətta söylənilir ki, 2012-ci ildə keçiriləcək seçkilərdə Putin prezident seçiləcək. O ki qaldı bu məsələyə, mənə elə gəlir ki, bu sadə bir oyundur. Yəni Putinin bu cür fikirlər söyləməsi qabaqcadan planlaşdırılmış şəkildə həyata keçirilir. Belə ki, Putinlə Medvedyev qabaqcadan razılaşıblar ki, Putin bir audityoriya üçün bu cür açıqlama verəcək, Medvedyev isə başqa bəyanatla əks gedəcək. Son nəticədə də məlum olsun ki, Rusiya demokratik ölkədir. Baş nazir başqa, prezident isə başqa söz deyir. Bundan əlavə bu vasitə ilə Medvedyevin Putinin vassalı olması kimi fikirlərin üstündən xətt çəkilsin, söhbətlərə son qoyulsun. Bununla onlar həm Rusiyanın sığortalayır, həm də ölkədə plüralizm, demokratiya olduğunu göstərməyə çalışırlar.
- Liviyaya qaşı kampaniyada bəzi ərəb ölkələri ilə yanaşı Türkiyənin də iştirak etməsi Qərbin planı ola bilərmi?
- Türkiyə bu məsələlərdə fərqli mövqedə idi və Türkiyə prinsipcə Liviyanı onların hamısından çox tanıyır. İkinci ən mühüm faktor ondan ibarətdir ki, Liviya 16-cı əsrdən 1911-12-ci illərdə baş verən müharibə zamanı məhz Türkiyənin, imperiyanın tərkibində olub. Liviya tarixən Türkiyənin tərkibində olduğuna görə Liviyalıları onun qədər heç kim tanıya bilməz. Fransa prezidenti Sarkozi mart ayının 19-da Parisdə 22 dövlətin iştirakı ilə müharibənin başlanması qərarına gəlir. Lakin həmin toplantıya Türkiyəni dəvət etmir. Sarkozi çalışırdı ki, müharibə NATO deyil, prinsipcə Paris Koalisiyası adı ilə onun başçılığı ilə reallaşsın. Lakin Türkiyə buna etiraz edərək NATO-nun komandanlığı altında olmasını tələb edib. Eyni zamanda Türkiyə Liviya ərazisinin bombalamaqda iştirak etməməsinə nail oldu. O birbaşa hərbi əməliyyatlarda iştirak etməyəcəyinə söz verdi və sona qədər davam etdi. Hətta Liviya məsələsində Fransa Türkiyəni həzm edə bilmirdi. Ona görə mən hesab edirəm ki, indiki dövrdə Türkiyə sırf xarizmatik siyasətə keçib, o olmasaydı da müharibə başlayacaqdı. Türkiyə kənarda qalmaqla heç bir halda qazanc əldə etməyəcəkdi, əksinə arzu olunmaz bir statusa çevriləcəkdi.
- Sizcə Liviyada baş verən hadisələrin nəticəsindən nə gözləmək olar?
- Gedişat onu göstərir ki, bütün niyyət və məqsədlərdən asılı olmyaraq, hüquqi baxımdan artıq Liviya aksiyası Liviya üçündür. Çünki BMT-nin 137-ci saylı qətnaməsi var. İraqdaki kampaniya kimi deyil, çünki o zaman qətnamə yox idi. Belə olan vəziyyətdə ya Müəmmər Qəddafinin beynəlxalq məhkəmə, ya da ki, Səddam Hüseynin taleyi gözləyə bilər. Əgər Qəddafi bombalanma nəticəsində ölməsə sağ qalsa bir versiyada ola bilər son anda Qəddafi Qərbə mesaj göndərərək prinsipcə onun bütün şərtlərini qəbul edə bilər ki, belə olan halda onu son dərəcədə zəifləmiş vəziyyətdə hakimiyyətdə saxlamaqda maraqlı olmuş olsunlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB