İcra hakimiyyəti vətəndaşın malını məhkəmə qərarı olmadan müsadirə edə bilərmi ? - VƏKİL AÇIQLADI

Sumqayıtda icra nümayəndələri küçə ticarəti ilə məşğul olan satıcının məhsullarını müsadirə edib. Ümumiyyətlə, küçə ticarətinə qarşı hansı tədbirlər görülə bilər? İcra hakimiyyəti vətəndaşın malını məhkəmə qərarı olmadan müsadirə edə bilərmi? Həmin vətəndaş bu vəziyyətə qarşı hansı hüquqi addımları ata bilər? Satıcı müsadirə olunmuş malların geri qaytarılmasını və ya dəymiş zərərə görə təzminat ödənilməsini tələb edə bilərmi?

Məsələ ilə bağlı vəkil Elnur Məmmədov SİA-ya açıqlamasında bildirib ki, küçə ticarəti anlayışı səyyari ticarət və xidmət sahələrinə aiddir ki, bu da qanunvericiliklə tənzimlənir:

"Belə ticarət fəaliyyəti əvvəlcədən alınmış razılıq əsasında parklarda, bağlarda, həmçinin əhalinin istirahətinin təşkil edildiyi digər yerlərdə, küçə və meydanların kənarlarında həyata keçirilə bilər. Lakin razılıq almadan, həmçinin küçələrin, səkilərin hərəkət hissəsində, hökumət və idarəetmə orqanları binalarına, tarixi memarlıq və heykəltəraşlıq abidələrinə, uşaq, məktəbəqədər və digər tədris müəssisələrinə bitişik ərazilərdə ticarətin həyata keçirilməsi qanunla qadağandır və bu qanunsuz küçə ticarəti hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə əsasən, qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə 80 manat məbləğində cərimə nəzərdə tutulub.

Cərimə tətbiq edilərkən şəxsin küçə ticarəti nəticəsində qazancının həcmi nəzərə alınmır. Qanunvericilikdə küçə ticarəti ilə bağlı yalnız cərimə nəzərdə tutulduğu üçün həmin məhsullar müsadirə edilə bilməz. Əgər şəxsə məxsus məhsullar hansısa aidiyyəti qurum tərəfindən qanunsuz şəkildə müsadirə olunubsa, həmin şəxs bununla bağlı məhkəməyə müraciət edərək müsadirə nəticəsində ona dəymiş zərərin ödənilməsini tələb edə bilər".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə