"Boşanma prosesi uşaqlar üçün ağır psixoloji nəticələr yaradır" - QURUMDAN AÇIQLAMA
Boşanma zamanı və boşanmadan sonrakı müddətdə cərəyan edən proseslər uşaqların fiziki və psixoemosional sağlamlığında ciddi problemlər yaradır.

Bu barədə SİA-nın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsi, Mərkəzlərlə iş şöbəsinin baş məsləhətçisi Zülfiyyə Sadıq cavab verib.
O bildirib ki, uşağın valideynlərdən birinin himayəsinə verilməsi, digəri ilə daimi ünsiyyətinin olmaması, bacı və qardaşlarından ayrı düşməsi, eləcə də ana və ata arasında manipulyasiya vasitəsinə çevrilməsi hallarına təcrübədə tez-tez rast gəlinir: “Bu kimi hallar uşaqların gələcəkdə inam və etibar əsasında münasibətlər sistemi, ailə bağları qurmasını çətinləşdirməklə yanaşı, ümumən şəxsiyyət kimi formalaşmasına da mühüm təsir göstərir. Buna görə də nikahın pozulması prosesi zamanı və sonrakı dövrdə uşaqların, eləcə də digər ailə üzvlərinin psixoloji yardım alması vacibdir. “Psixoloji yardım” haqında Azərbaycan Respublikasının Qanununda ailələrə psixoloji yardımın göstərilməsinə yönəlmiş psixoterapiya xidməti nəzərdə tutulur, ayrı-ayrı sahələr üzrə (tibb, təhsil, sosial) fəaliyyət göstərən müəssisələrdə də dövlət hesabına psixoloji yardım göstərilir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən həssas qrupa daxil olan, xüsusən də natamam ailələr və onların uşaqları ilə psixososial iş aparılır, uşaq və yeniyetmələr üçün psixoloji treninqlər keçirilir, valideynlik bacarıqlarının artırılması mövzusunda təlimlər təşkil edilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB